Sabah, sentyabrın 2-də G7 ölkələrinin maliyyə nazirlərinin görüşündə Rusiya neftinin qiymətinə limit qoyulması müzakirə ediləcək.
Eləcə də bax: Qərb qiymətlərin daha da artmaması üçün - RUSİYA NEFTİNƏ "TOXUNMUR"
FED.az xəbər verir ki, bu qiymət müəyyən ediləndən sonra Rusiya nefti ondan yuxarı qiymətə sata bilməyəcək. Qiymət limiti təkcə xam neftə deyil, həm də neft məhsullarına, o cümlədən mazuta da tətbiq ediləcək.
İclasda bu barədə qərər qəbul edilsə, onun reallaşdırılmasına başlanacaq. The Wall Street Journal yazır ki, bu məhdudiyyətinin tətbiq edilməsində məqsəd, Rusiyanın neftdən gəlirlərini azaltmaq, eyni zamanda dünyada neftin bahalaşmasının qarşısını almaqdır.
Bu plan üzərnidə işlərin ən geci dekabr ayınadək bitirilməsi nəzərdə tutulur ki, qiymət limiti artıq gələn ildən işə düşsün.
Hələlik Rusiya nefti üçün hansı qiymət limitinin qoyulacağı dəqiq deyil, amma iyulda bu barədə yayılan məlumata görə, neftin qiymətləri bir barel üçün 40-60 dollar arasında dəyişəcək. Xatırladaq ki, hazırda dünya bazarında Brent neftinin qiyməti 95-100 dollar arasında dəyişir. Rusiya nefti adətən bundan 5-10 dollar daha ucuz olur. Məsələn, avqust ayında Rusiya neftinin orta qiyməti 80-83 dollar olub.
Son aylar onsuz da Rusiya öz neftini böyük endirimlə satırdı. Məsələ bundadır ki, indiyədək Rusiya neftinin alışına qadağa qoyulmasa da, Qərbin tətbiq etdiyi sanksiyalar dolayısı ilə Rusiya neftinin ticarətinə təsir edir, neft daşıyan tankerlərin sığortası və sair məsələlərlə bağlı problemlər yaşanırdı. Rusiya bu vəziyyətdən çıxmaq üçün neftini böyük endirimlə – 20-30 dollar ucuz satmalı olurdu.
Dekabrıün 5-dən isə Rusiya ilə bağlı daşımalarda sığorta qadağası qüvvəyə minəcək, bu isə o deməkdir ki, Rusiya neftinin alınması və daşınmasında onsuz da problemlər başlanır.
Neftin qiymət limiti arasında alındığı halda isə sığorta sanksiyası tətbiq edilmsəyəcək. Sadə desək, Rusiya neftini yalnız o halda alıb daşımaq mümkün olacaq ki, bu qiymətdən baha alınmasın.
Yeni qaydanın Rusiya üçün nə qədər təsirli olacağına gəlincə, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Böyük 7-lik ölkələri (G7) dünya iqtisadiyyatının təqribən 30%-nə nəzarət edir. Amma dünyadakı gəmi ilə yük daşımalarının 90%-i onların payına düşür, yəni bu qadağanı reallaşdırmaq üçün texniki imkanar var.
Rusiyada bildirirlər ki, bu üsulla neftin satışına maneə yaratmaq mümkün olmayacaq, amma bir qədər əvvəl Səudiyyə Ərəbistanı Rusiya neftinin böyük endirimlə satılması səbəbindən qiymətləri endirməli olmuşdu. Yəni bu sxem neftin ümumi qiymətinin azalmasına səbəb ola bilər.