"GL Technical Services” şirkətinin Baş meneceri Orxan İsmayılov, 1 avqust 2023-cü il tarixindən etibarən İcraçı direktor vəzifəsinə təyin edilib.
Süleyman Qasımov Rövşən Nəcəfovun müşaviri - TƏYİN EDİLİB - DOSYE
Bu qərar, öhdəliklərinin icrasında hər zaman qətiyyət göstərmiş Orxanın şirkətimizə verdiyi töhfələrin və müstəsna xidmətlərinin nəticəsidir.
FED.az xəbər verir ki, Orxan İsmayılov, yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin baş icraçı direktoruna hesabat verməyə davam edəcək və şirkətlər qrupu icraiyyə heyətinin üzvü olacaq.
Neft-qaz sənayesi üzrə 20 illik zəngin beynəlxalq təcrübəyə malik Orxan İsmayılov Azərbaycanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının hasilatın pay bölgüsü sazişləri üzrə böyük tikinti sahələrində çalışıb. O, Anqola, Avtrsaliya, Malayziya, Birləşmiş Krallıq və Cənubi Koreyaya təyinatlarda beynəlxalq miqyasda geniş təcrübə qazanıb.
Zəngin iş təcrübəsinin böyük hissəsində “McDermott”, “Technip”, “Saipem”, “Amec” və “Wood Group” kimi mühəndislik, təchizat, tikinti və layihələrin idarə edilməsi üzrə ixtisaslaşmış podratçı şirkətlərdə, eləcə də, 6 il “Chevron” şirkətində rəhbər vəzifələrdə çalışıb.
“GL Technical Services” MMC-dən əvvəl, “Wood Group” şirkətində Layihələrə Nəzarət və Satınalmalar üzrə menecer vəzifələrində fəaliyyət göstərib və şirkətin daxilində Biznesin İnkişafı və Kommersiya işlərinə rəhbərlik edib.
Orxan, “Kadrların Milliləşdirilməsi” proqramlarının fəal təbliğatçısı olmaqla yanaşı, müştəri məmnunluq səviyyəsinin inkişaf etdirilməsi və kollaborativ səmərəlilik təşəbbüsləri ilə nəticələnmiş biznesin təkmilləşdirilməsi, strateji inkişaf və yeni texnologiyaların tədbiqi işlərinə rəhbərlik edib.
O, Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit üzrə magistr dərəcəsinə və Layihələrin idarə edilməsi və nəzarət üzrə müxtəlif beynəlxalq sertifikatlara malikdir.
Qeyd edək ki, GL Azərbaycanın ilk özəl enerji şirkətidir. GL şirkəti Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. Şirkətin biznes portfelinə neft sənayesi üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” MMC də daxildir.