"Azəriqaz"ın son bir ayda qoyduğu mexaniki elektron tipli sayğacları insanların narazılığına səbəb olub. FED.az xəbər verir ki, anews.az-a müraciət edən bir qrup vətəndaş iddia edir ki, əvvəlki illər və son aylarla müqayisədə onlara iki qat borc yazılır.
Goranboy rayonu Xarqərvənd kəndinin sakini Xaləddin Mustafayev yeni qoyulan sayğacın çox borc yazdığından şikayətlənir:
"Bizim bütün kənd eyni problemdən narazıdır.Mənim evimdə cəmi bir soba yanır. Əvvəllər qaz üçün aylıq 40,50 qış aylarında maksimum 60 manat ödəmişəm. Yeni qurulan sayğac üçün isə mənə 17 günə 90 manat yazılıb. Ay sonuna kimi isə bu məbləğ 144 manata qədər artıb. Qaz pulu üzrə ödənişi ayda bir dəfə edirdiksə indi ayda ödəniş üçün iki dəfə çek göndərilir. Bu da yəqin ki, məbləği az göstərmək üçün belə edilir. Bizə qaz idarəsində onu da bildiriblər ki, pulu ödəməsəniz sizin qaz kəsiləcək. Yeni qurulan sayğaclarda problem var. Rayonda yaşayan sadə bir vətəndaş təkcə qaz üçün ayda 150 manat qaz pulunu necə ödüyə bilər?
Daha sonra adının çəkilməsini istəmiyən bir vətəndaş bildirib ki, yeni qoyulan sayğacdan sonra onlara 90 manat borc yazılıb. Hansı ki, daha əvvəlki aylarda ödəniş etdiyi çeklərdə borc haqqında heç bir borc qalığı göstərilməyib. Şikayətçi iddia edir ki, bu borc onlara saxta olaraq yazılıb.
Mexaniki tipli sayğacın yazdığı məbləğlə bağlı sosial şəbəkələrdə də geniş müzakirə olub. Bir qrup insanlar eyni problem olaraq yeni qoyulan sayğacın çox borc yazdığını iddia edib.
Şikayət və mexaniki tipli sayğacların niyə dəyişdirilməsi barəsində Azəriqaza sorğu göndərdik.
"Azəriqaz"ın mətbuat katibi Ceyhun Səfərov müraciət olunan şikayətlərlə bağlı bildirib ki, deyilənlər həqiqəti əks etdirmir. Qaz ölçü qurğuları, yəni sayğacların hamsının bir funksiyası var – sayğacdan keçən təbii qazın sərfiyyatını qeydə almaq. Hansısa sayğac az, hanısasa sayğac çox qeydiyyat aparmır. Bu qurğular standartlara cavab verir. Ölkəyə gətirildikdən sonra test olunur, yoxlanılır, daha sonra istismara verilir. Yəni müvafiq qurumlar da buna nəzarət edir.
Abonentlər nəzərə almalıdırlar ki, soyuq günlərdə sərfiyyat artır. Qaza olan təlabat çoxalır. Üstəlik, narazı qalan abonentlərin sərfiyyatda artıq göstəriciləri də pandemiya ilə bağlı sərtləşdirilmiş karantin dövrünə təsadüf edir. Yəni hammı - əksər ailə üzvləri evdədir və istilik sisteminə ehtiyac əvvəlkindən çoxdur. Güzəştli aşağı tarifli limit həddinin də elə 2020-ci ilin dekabr ayında keçilməsinə çox təsadüf edildi. İstənilən abonent öz sərfiyyatı, ödənişləri barədə abonent soldosunu əldə edə bilər. Məsələn, bu "ASAN Kommunal” mərkəzlərində mümkündür. Və yaxud 104/185 saylı Çağrı Mərkəzinə də müraciət edib sorğu verə bilərlər.
Sayğacların dəyişdirilməsi ilə bağlı isə mətbuat katibi bildirib ki, 2019-cu ildə Fransanın İltron- Gallus şirkəti qalib olmayıb və köhnə smart sayğacların istehsalçısı da onlar olduğuna görə bu sayğaclardan imtina edilib. Digər tərəfdən qiymət bizim üçün sərfəli hesab olunmurdu. Pandemiya dövründə gəlir və xərclrimizi nəzərə alaraq sərfəli təkliflər edən Almaniyanın Zenner şirkəti qalib olaraq test üçün onlardan 200 ədəd test – sınaq işləri üçün smart-kart tipli sayğaclar alınaraq ölkəyə gətirilib. Hazırda proses gedir və nəzarətdə saxlanılır. Əslində bu sayğaclar yeni gətirilməyib, illərdir mexaniki sayğaclar alınıb
Ceyhun Səfərov onu da qeyd edib ki, yeni mexaniki-elektron sayğaclarda smart-kart sayğaclardan fərqli olaraq onlayn ödəniş etmək mümkün olacaq. Ümumilikdə, ölkə üzrə 2 milyon 325 mindən bir qədər artıq sayda olan əhali abonentlərimizdən 1 milyon 282 mindən bir qədər artıq sayda abonent mexaniki-elektron sayğaclardan istifadə edir.
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məsələ ilə bağlı bildirib ki, bu ölkədə olan növbəti oyundur.
"Eyni hal 2019-cu ildə olmuşdu. Biz ozaman məhkəmə yolu ilə 50-60 nəfər vətəndaşın sayğacın çox pul yazması ilə bağlı məhkəmə yolu ilə sübut etdik ki, əslində bu sayğaclar artıq pul yazır. Fransadan alınan smart tipli sayğaclar çox baha idi, həm də ona müdaxilə etmək çətin idi.Dekabrın 31 –də qazın limiti sıfırlanır.Amma bu dəfə bu proses yanvarın 5-də həyata keçirilib. Necə olur bir neçə gündə vətəndaşa bu qədər borc yazılıb. Bu da o deməkdir ki, sayğaclara müdaxilə olur. Vətəndaş əgər belə narazı halla narazıdırsa mütləq şəkildə məhkəməyə müraciət etsin. Tələb etsin ki, həmin sayğac müstəqil labaratoriyada yoxlanılsın. Bu işin ən dəqiq sirrini onu quraşdıran şəxslər bilir”-deyə o qeyd edib.