Türkiyənin “Petkim Petrokimya Holding”i “JP Morgan Securities LLC” şirkətindən $300 milyon kredit cəlb edib.
Eləcə də bax: “Petkim” ötən il milyarda yaxın xalis mənfəət - ƏLDƏ EDİB
FED.az xəbər verir ki, “Petkim” $500 milyon məbləğində beşillik istiqrazların (2018-ci ilin yanvar ayında yerləşdirilmiş – İF) ödənilməsini maliyyələşdirmək üçün “JP Morgan Securities” ilə $300 milyonluq kredit sazişi imzalayıb.
Kredit 3 il müddətinə cəlb olunub, illik fazi dərəcəsi SOFR +5,6% olaraq müəyyən edilib.
Xəbər verildiyi kimi, “Petkim Petrokimya Holding” 2018-ci il yanvarın 26-da İrlandiya Fond Birjasında $500 milyon məbləğində beşillik avrobond emissiyası yerləşdirib. İstiqrazların illik gəlirliliyi 5,875%, ödəniş tarixi 26 yanvar 2023-cü ildir.
Sövdələşmənin anderrayteri qismində “Goldman Sachs International”, “JP Morgan Securities Plc”, “Global Markets Limited”, “Societe Generale” və “VTB Capital Plc” çıxış edib.
Avrobondların emissiyasında məqsəd “Petkim”in “STAR” NEZ-də pay alması olub. Holdinq 2019-cu ilin mart ayında sözügedən neft emalı zavodunun tikintisi ilə məşğul olan “STAR Rafineri A.S.” şirkətinin səhmlərinin 18%-nə sahib olub.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir.
“SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. (İnterfaks-Azərbaycan)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.