OPEC + alyansında olan ölkələr bazar ertəsi və çərşənbə axşamı keçirilməsi planlaşdırılan iclasdan əvvəl neft hasilatındakı tədarük azaldılmasının bir qisminin aradan qaldırılmasının təxirə salınması barədə fikir birliyinə gələ bilməyiblər.
Eləcə də bax: "OPEC+"dan təcili - Yığıncaq Çağırışı
Bu arada Nyu-York birjasında dekabr fyuçerslərində WTI neftinin qiyməti 45 dollardan da aşağı düşüb. Belə ki, bu neftin bir barreli həftənin bazar ertəsinə 0.61 dollar, yəni, 1.34% ucuzlaşmaqla 44.92 dollara düşüb.
Ucuzlaşma analoji olaraq Brentdə də müşahidə edilir. Brent markalı xam neftin bir bareli London birjasında 0.63 dollar, yəni, 1.31% ucuzlaşmaqla 47.55 dollara düşüb.
FED.az xəbər verir ki, bununla bağlı Banker.az-a iqtisadçı Elman Sadıqov bazarda hasilatın azaldıb azaldılmamasından öncə mövcud vəziyyətə diqqət yetməyin vacib olduğunu deyir.
Dövr ərzində gündəlik ortalama neft istehlakı
- 2020-ci ilin II rübü — 85.3 milyon barel
- 2020-ci ilin II rübü — 94.1 milyon barel
- 2020-ci ilin oktyabr ayı — 95.3 milyon barel
2020-ci ilin II rübündən sonra istehlak tədricən artmaqdadır. Bəs istehlakın artım tempinin 2020-2021-ci illərdə hansı səviyyədə olacağı proqnozlaşdırılır?
İl ərzində gündəlik ortalama neft istehlakı
- 2019 (faktiki) — 100.5 milyon barel
- 2020 (proqnoz) — 92.9 milyon barel
- 2021 (proqnoz) — 98.8 milyon barel
“Hasilatın azalması 2020-ci il ərzində azalan tələblə uyğundur. Yəni, azalan tələbi kompensasiya edə bilir. Lakin, qərara əsasən 01 yanvar 2021-ci il tarixdən etibarən istehsalın nisbətən (gündəlik 1.9 milyon barel) artırılması gözlənilir. Əslində, dünya iqtisadiyyatında pandemiyaya görə qapanmalardan çəkinmə fikri hazırda üstünlük təşkil etsə də, virusun yayılma tempi bu fikri dəyişə bilər” – deyə, Elman Sadıqov deyir.
İqtisadçı müsbət amil isə peyvəndin vurulmasını sayır: “Lakin, peyvəndləmə tempinin səviyyəsi, təsiri və peyvəndin nə dərəcədə fiziki olaraq qısa müddətdə tələbi ödəməsini zaman göstərəcək. Yəni, bu məsələ tam aydın deyil. Bu amilləri 2021-ci ilin yanvar-mart aylarının dünya neft bazarında gərgin keçəcəyi məsələsini ortaya çıxarır.
Hər bir halda, hazırda dünyanın maliyyə bazarları, birjaları peyvənd amilini əmtəə (o cümlədən neftin qiyməti) və qiymətli kağızların qiymətlərində nəzərə almaqdadırlar. Yəni, bazarlar müsbət əhvaldadır. Bu o deməkdir ki, peyvəndlə bağlı hər hansı neqativ xəbər dünya maliyyə bazarlarına və iqtisadiyyatlara ciddi zərbə vurar (məhz bu amili yaxın aylarda unutmayaq)”.