Dünya birjalarında xam neftin aşağı qiyməti Yaxın Şərq ölkələrinin iqtisadiyyatlarına təsirsiz ötüşmür.
FED.az xəbər verir ki, yeni növ koronavirus epidemiyası səbəbindən tələbatın azalması və və istehsalçı ölkələr arasındakı qiymət müharibəsi nəticəsində 30 dollar səviyyəsində olan neft qiymətləri Səudiyyə Ərəbistanı, İraq, İran və Nigeriya kimi iqtisadiyyatı neft gəlirlərindən çox asılı olan ölkələr üçün ciddi təhlükə yaradır.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatlarına görə, iqtisadiyyatları neft hasilatı və ixracından çox asılı olan ölkələrin çoxu Yaxın Şərqdə yerləşir. Bu ölkələr büdcələrini balanslaşdırmaq üçün yüksək neft qiymətlərinə ehtiyac duyurlar. Belə ki, Nigeriya builki büdcəsini tarazlaşdırmaq üçün “Brent” markalı neftin bir barrelinin qiyməti 144 dollar olmalıdır. Bəhreyn büdcəni balanslaşdırmaq üçün qiymətin 96 dollar, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı isə 91 dollar olmasına ehtiyac duyur.
Büdcə tarazlığını əldə etmək üçün Omanın neftin bir barreli üzrə ehtiyac duyduğu qiymət 82 dollar, Qətər üçün isə məqbul qiymət 55 dollardır.
Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatlarına görə, neftin məqbul qiymət səviyyəsi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrdən olan Əlcəzair üçün 109 dollar, Anqolada 55 dollar, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün 70 dollar, Venesuela və Liviya üçün 100 dollar, İraqda 60 dollar, İran üçün isə 195 dollar olmalıdır.
IMF-nın məlumatları göstərir ki, Rusiya, Meksika və Qazaxıstan kimi OPEC-ə üzv olmayan ölkələrin də büdcələrini balanslaşdırmaq üçün neftin orta qiymətinin müvafiq olaraq 42, 49 dollar və 58 dollar səviyyəsində olmasına ehtiyacı var.
Yaxın Şərq və Şimali Afrikadakı ixracatçılar 192 milyard dollar itirəcək
Mənzil-qərargahı Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, cari ildə 2 faiz nisbətində artması gözlənilən Səudiyyə Ərəbistan iqtisadiyyatının artım tempi nefin aşağı qiymətləri və COVID-19 epidemiyasının təsiri ilə 0,7 faiz, 2,8 faiz gözlənilən Küveytdə 0,8 faiz, 1,9 faiz artacağı proqnozlaşdırılan BƏƏ-də isə 0,6 faiz olacaq.
Bundan əlavə, bu il 3,2 faiz artması gözlənilən İraq iqtisadiyyatının 0,3 faiz kiçiləcəyi nəzərdə tutulur. İran iqtisadiyyatı üçün azalma proqnozu isə 5,1 faizdən 8,4 faizə qaldırılıb.
Beynəlxalq Maliyyə İnstitutu bu il Yaxın Şərq və Afrika bölgəsindəki 9 neft ixracatçı ölkənin builki ümumi karbohidrogen gəlirlərinin 192 milyard dollar azalacağını proqnozlaşdırır.
Körfəzdə ən çox Səudiyyə Ərəbistanı əziyyət çəkəcək
Mərkəzi ofisi ABŞ-da olan “Primary Vision”un enerji təhlilçisi Mark Rossanoya görə, hazırda İraq, İran, Nigeriya və Anqola neft bazarındakı inkişafdan ən çox zərər çəkən ölkələr sırasındadır. Bu vəziyyət Səudiyyə Ərəbistanına da dən təsirsiz ötüşmür, lakin neftayırma sektoruna qoyulan investisiyalardan büdcə balansı baxımından neft əməliyyatları bir qədər azalıb. Bununla yanaşı, istehsal həcmi baxımından Səudiyyə Ərəbistanı Körfəz Ölkələri Əməkdaşlıq Şurası ölkələri arasında ən çox narahatlıq keçirir.
İraqın gəlirləri 65 milyard dollar azalacaq
Beynəlxalq Enerji Agentliyi (IEA) MENA Proqram direktoru Əli Əl-Saffar neftin qiymətinin 30 dollar səviyyəsində qalacağı təqdirdə, İraqın gəlirlərinin keçən ilə nisbətən təxminən 70 faiz azalaraq 30 milyard dollara düşəcəyini söyləyib.
Nigeriyanın gəlirlərinin 75 faiz azalaraq 11 milyard dollara enəcəyini deyən Ə. Saffar bu ölkələrin neftin qiymətinin aşağı olması səbəbindən qısa müddətdə çox çətin dövr yaşayacaq. Uzunmüddətli perspektivdə iqtisadi quruluşlarını nəzərdən keçirməli olacaqlar. Çünki neft və qaz gəlirlərindən asılılıq bir formada azalmalıdır.
Azərtac