İranın Hörmüz boğazını bütün ticarət gəmilərinə açacağı ilə bağlı açıqlamaları, təchizatla bağlı narahatlıqları azaldaraq Avropada təbii qazın qiymətinin kəskin düşməsinə səbəb olub.
FED.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Ərakçi "X" sosial media platformasında etdiyi paylaşımda Livandakı atəşkəs müddətində Hörmüz boğazının bütün ticarət gəmilərinin keçidi üçün tamamilə açıq olacağını bildirib.
Marja xəbər verir ki, bu açıqlamadan sonra Niderlandda yerləşən virtual təbii qaz ticarət mərkəzi TTF üzrə may ayı fyuçersləri əvvəlki günün bağlanışına nisbətən 8,7% geriləyərək 38,74 avroya düşüb. Müqavilələr əvvəlki günü 42,42 avro səviyyəsində tamamlamışdı.
ABŞ və İsrailin İrana hücumları və İranın cavab zərbələri nəticəsində Fars körfəzində gərginliyin artması qlobal mal və enerji ticarəti üçün kritik keçid nöqtəsi olan Hörmüz boğazında gəmi hərəkətini böyük ölçüdə dayandırmışdı.
Xatırladaq ki, bu gün Hörmüz boğazının açılmasından sonra neftin də qiyməti 9% ucuzlaşaraq, 89 dollara enib.













