FED.az Bloomberg-ə istinadən məlumat verir ki, ötən həftə polietilen paketlərdən ibarət “uca dağları” ilə məşhur olan Keniyada bu məhsulların istehsalı, idxalı, satışı və istifadəsi qadağan olunub. Qanunu pozanları 4 ilədək həbs cəzası və ya 38 000 dollaradək cərimə gözləyir. Ekspertlər hesab edirlər ki, Şərqi Afrika dövlətinin bu qərarı bütövlükdə neft sənayesi üçün ciddi bir xəbərdarlıq və eyni zamanda, bu sahəyə ağır zərbə vuracaq böyük bir prosesin davamıdır.
Xatırladaq ki, ötən həftə Şotlandiyanın birinci naziri Nikola Stercen yaxın gələcəkdə ölkəsində bütün içki qablarının, əsasən də plastik şüşələrin təhvili və təkrar istifadəsi sxeminin tətbiq olunacağını bildirmişdi. 2003-cü ildən Almaniyada işləyən bu sistem sayəsində hazırda ölkədə plastik şüşələrin təkrar istifadəsi 98,5%-ə bərabərdir. Həmçinin ötən ay Hindistan höküməti də paytaxt Dehlidə bioloji parçalanmaya məruz qalmayan plastik paketlərin istifadəsini qadağan etmişdi. On bir ay öncə isə İngiltərədə birdəfəlik polietilen paketlərin istifadəsinə görə 5 pens əlavə ödəniş tətbiq olunmuş və bunun sayəsində ölkədə belə paketlərdən istifadə 85% azalmışdı.
Görünən odur ki, neft-kimya sənayesi bir tərəfdən məhsulların istifadəsinə olan qadağalar, digər tərəfdən də təkrar istifadə göstəricilərinin artması səbəbilə ciddi təzyiq altındadır. Ekspertlər hesab edirlər ki, quruda və dünya okeanında plastik zibil kütləsinin artması fonunda plastik qablar, şüşələr və polietilen paketlərdən istifadənin məhdudlaşdırılması prosesi daha da sürətlənərək kütləvi hal alacaq. Bu isə artıq neft-kimya sahəsindən asılı vəziyyətə düşmüş neft sənayesinə ciddi, bəlkə də həlledici zərbə vuracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır