Başa çatmaqda olan sentyabr ayı beynəlxalq əmtəə birjalarında bir çox hadisələrlə yanaşı, həm də neftin bahalaşması ilə ələamətdar oldu. Təkcə bu ay ərzində Brent markalı neftin bir barrelinin qiyməti 52.84 dollardan 59.49 dollaradək bahalaşdı. Layt markalı neftin qiyməti isə 47.08 dollararreldən 52.43 dollararrelədək artdı.
FED.az investing.com portalına istinadən xəbər verir ki, sentyabr ayı ərzində neft qiymətlərindəki bu artımı bir sıra səbəblərlə izah etmək olar. Bu səbəblərdən OPEK+ sazişi, Kürdüstan referendumu və neft ehtiyatları üzrə proqnozları xüsusilə qeyd etmək lazımdır.
Hasilatın azaldılması üzrə OPEK+ sazişi beynəlxalq bazarlarda neftin qiymətinə öz təsirini göstərməkdədir. Sentyabrın 22-də Vyanada OPEK+ ölkələrinin monitorinq komitəsinin iclası keçirilib. İclasda bildirildi ki, bazarda izafi təklifin aradan qaldırılması prosesi artıq 50% icra olunub. 2018-ci ilin mart ayında sözügedən sazişin müddəti başa çatacaq. Lakin komitənin iclasında hasilatın azaldılması üzrə razılaşmanın müddətinin uzadılması ilə bağlı heç bir tövsiyə səslənmədi. Hərçənd, bugünlərdə Rusiyanın energetika naziri Aleksandr Novak yanvar ayından etibarən ölkəsinin razılaşmanın müddətinin uzadılması barədə müzakirələr üçün açıq olacağını bildirdi. Nazir həmçinin sazişin tədricən, mərhələli şəkildə 2018-ci ilin yay aylarında başa çatdırılmasının mümkünlüyü barədə bəyanat verdi. İclasda OPEK+ sazişinə qoşulmayan Liviya və Nigeriya üçün hasilat kvotalarının müəyyənləşdirilməsi məsələsi də müzakirə olundu. Bu ölkələr üzərilərinə heç bir öhdəlik götürməsələr də, hasilatın azaldılması imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını qeyd etdilər. İclasın nəticələri, səsləndirilən bəyanatlar bazar iştirakçılarının nikbinliyini xeyli artırdı və qiymətlərin möhkəmlənməsinə müsbət təsir göstərdi.
Son həftələrdə İraq Kürdüstanındakı referendumla bağlı Yaxın Şərqdə vəziyyətin gərginləşəcəyi ehtimalları neftin qiymətinin artmasında kifayət qədər ciddi rol oynadı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kürdüstanın öz müstəqilliyini elan edəcəyi təqdirdə bölgə neftini Ceyhan limanına çatdıran kərəmin fəaliyyətini dayandıracağı barədə bəyanatı isə “qara qızılın” qiymətini daha da yüksəltdi. Xatırladaq ki, bu kəmər vasitəsilə gündə təxminən 550 min barrel neft ixrac olunur. Hazırda bölgədə hadisələrin necə cərəyan edəcəyini heç kim proqnozlaşdıra bilməz. Bu geosiyasi qeyri-müəyyənlik və təklifin azalması ehtimalı neftin qiymətini artıran başlıca səbəblərdən biri olmaqda davam edir.
Neft ehtiyatları ilə bağlı sentyabr ayı ərzində verilən proqnozlar da hasilatçı ölkələr üçün ürəkaçandır. Belə ki, Beynəlxalq enerji agentliyi və Trafigura transmilli ticarət şirkətinın ardından, Citigroup beynəlxalq maliyyə konqlomeratı da öz proqnozlarında 2019-2020-ci illərdə neft bazarında tələbin təklifi üstələyəcəyini və xammal çatışmazlığının yaranacağını bildirdilər. Sonuncusu belə hesab edir ki, OPEK üzvü olan Liviya, Nigeriya, Venesuela, İran və İrak hazırda hasilatı tam gücü ilə davam etdirir. Bu səbəbdən də, bazar iştirakçıları adıçəkilən ölkələr tərəfindən hasilatın qəfil artırılacağından narahat olmaya bilərlər.
Yuxarıda qeyd olunan bütün səbəblər neftin qiymətinə müsbət təsir göstərir və qiymət artımına dəstək verməkdə davam edir. Hazırda ekspertlərin bir çoxu qiymətlərin maksimum 70 dollaradək arta biləcəyini bildirirlər. “Qara qızılın” bu səviyyəni keçəcəyinə isə çox az adam inanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Neft niyə bahalaşır?

10:47
28 Sen 2017