Azərbaycanda "Büdcə sistemi haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.
FED.az ın məlumatına görə, qanun layihəsi strateji yol xəritələrinin tədbirlər planlarına uyğun olaraq “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanına və Maliyyə Sabitliyi Şurasının “2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”na əsasən fiskal dayanıqlığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Sənəd fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.
Qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
Dəyişikliyə əsasən büdcə qaydasına uyğun icmal büdcənin xərclərinin yuxarı həddi də hesablanacaq.
Bundan başqa, qanuna büdcə qaydaları ilə bağlı yeni, 11-1-ci maddənin əlavə edilməsi təklif edilir. Bu maddəyə görə, növbəti il və sonrakı il üçün icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi bu maddəyə uyğun olaraq hesablanan icmal büdcə xərclərinin yuxarı həddindən artıq ola bilməz. Eləcə də icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunan icmal büdcə xərclərinin 103%-dən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə aşağıdakı qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilir:
11-1.2.1. dövlət büdcəsinə neft-qaz sahəsi istisna olmaqla, digər sahələrdən ödənilən dövlət vergiləri və rüsumları, habelə bu qanunla müəyyən edilən büdcə gəlirlərinin təsnifatına uyğun digər daxilolmalar;
11-1.2.2. dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri;
11-1.2.3. sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə istisna olmaqla, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;
11-1.2.4. dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə öhdəlikləri sığorta haqları istisna olmaqla, işsizlikdən sığorta fonduna işsizlikdən sığorta üzrə sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;
11-1.2.5. xarici kreditlər üzrə daxilolmaların istifadə olunan hissəsi də daxil olmaqla, icmal büdcələrin kəsirlərinin qanunla müəyyən edilən maliyyələşdirmə mənbələri hesabına daxilolmaları.
Dəyişikliyə əsasən, növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olması hədəflənir. Həmin nisbət göstəricisi car ilin müvafiq göstəricisindən az olmadıqda, icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi növbəti il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hədəf göstəricisinə uyğun azaldılır.
Bundan başqa, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr üzrə hədəfləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Həmçinin, büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən dövlət borcu, dövlət müəssisələrinin borcları (dövlət zəmanəti ilə belə zəmanət olmadan alınan borclar da daxil olmaqla) alınır və onun əsasında dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri müəyyən edilir.
Qanun layihəsində qeyd olunub ki, bu qanunun 23.3-1-ci maddəsinə əsasən büdcə qaydasının tətbiqinin dayandırılması icmal büdcənin xərcləri icmal büdcə xərclərinin yuxarı həddindən artıq olarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcə xərclərinin ortamüddətli dövrdə büdcə qaydası üzrə hesablanan yuxarı həddə çatdırılması üzrə təkliflərini bu qanunun 11.16-cı maddəsinə müəyyən olunan qaydada növbəti ilin büdcə zərfi daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına (quruma) təqdim edir.
Qeyd edək ki, təklif olunan dəyişikliyə əsasən büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Eyni zamanda, qanunun 23.4-cü maddəsi də yeni redaksiyada verilir. Belə ki, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə bu qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş göstəricilərdən 10% və ya bu daxilolmalar Dövlət neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla müəyyən olunan rüblük göstəricilərdən 5% az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu qanunun 18.4-cü, 18.5-ci və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunan xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaq Milli Məclisə müraciət edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)q qarşısında məsələ qaldırır.
Qeyd edək ki, “Büdcə sistemi haqqında” qanunun 11-1-ci, yəni büdcə qaydası maddəsi 2019-cu ilin dövlət büdcəsi layihəsinin tərtibi prosesindən etibarən tətbiq olunacaq.
APA