Xəbər verildiyi kimi, aprelin 9-da Dövlət Neft Fondu (ARDNF) açıqlama yayaraq 2018-ci ildə fondun vəsaitlərinin idarə olunmasından əldə edilən, eləcə də 2019-cu ildə gözlənilən gəlirliyin nə üçün aşağı səviyyədə olması gəlrliyin olması ilə izahat verib.
FED.az xəbər verir ki, Neft Fondu bu açıqlama ilə Fondun 2019-cu il layihəsinə Hesablama Palatasının rəyi və burada yer alan fikirlərə cavab verib.
Rəydə Palata Neft Fondunun vəsaitlərinin gəlirliliyinin aşağı olmasına tənqidi yanaşıb və cavabında Fond belə açıqlama ilə çıxış edib.
Qeyd edək ki, büdcə layihəsinə görə, 2019-cu ildə Neft Fondunun vəsaitlərinin idarə olunmasından 848,5 milyon dollar və ya 1 442 495,1 manat gəlir əldə edilməsi gözlənilir.
Manat ifadəsində götürəndə bu göstərici 2017-ci ilin müvafiq icra göstəricisindən 358,8 mln manat və ya 33,1% çox, 2018-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən 225,6 mln. manat və ya 18,5% çoxdur.
Ümumilikdə 2019-cu il üçün Neft Fondunun vəsaitlərinin orta illik gəlirlilik göstəricisi 2,14 % proqnozlaşdırılır ki, bu da 2018-cı ilin proqnoz göstəricisindən (1,96% faiz) 0,18 faiz çoxdur.
Eləcə də bax: İstanbul hava limanı təyyarə yanacağını - SOCAR-DAN ALACAQ
Proqnoza görə, Neft Fondunun aktivlərinin bir hisəsinin saxlandığı qızıl elə Neft Fondunun özündə saxlanıldığına görə, qızıl subportfeli üzrə gəlirlilik 0% səviyyəsində götürülüb.
İnvestisiya portfelindəki xüsusi çəkilər üzrə gəlirlilik aşağıdakı kimidir:
- Borc öhdəlikləri və pul bazarları alətləri subportfelinin porfeldəki gəlirliliyi 1.33 faiz və yaxud 55% * 2.4165%;
- Səhm (pay) subportfelinin porfeldəki gəlirliliyi 0.53% və yaxud 25% * 2.1000%;
- Daşınmaz əmlak subportfelinin porfeldəki gəlirliliyi 0.29% və yaxud 10% * 2.8500%;
- Qızıl subportfelinin porfeldəki gəlirliliyi 0% və yaxud 10% * 0%
Nəticədə bütün portfellər üzrə gəlirliliyin həcmi 2.14% faiz proqnozlaşdırılmışdır (1.33% + 0.53% + 0.29% + 0%).
Hesablama Palatası öz rəyində bu göstəricini Neft Fondunun 2018-ci ilin ilk 9 ayının göstəriciləri ilə müqayisə edir. Həmin göstərici 2,1% təşkil edir ki, bu da 2017-ci ilin müvafiq göstəricisi (1,38%) ilə müqayisədə 0,72% artıb.
Bunenla yanaşı, Hesablama Palatası Neft Fondunun 2019-cu ildəki idarəetmə planları ilə bağlı iradlarını da səsləndirib.
Palata bildirir ki, Neft Fondunun vəsaitinin 2019-cu ildə istifadə edilməsinin əsas istiqamətləri investisiya layihəsinə əsasən bu il Neft Fondunun investisiya portfelində borc öhdəlikləri və pul bazarları alətləri portfeli investisiya portfelinin məcmu dəyərinin 55 faizi həddində (cari ildə 60% həddindədir), qızıl portfeli üzrə isə investisiya portfelinin məcmu dəyərinin 10 faizi həddində (cari ildə 5 faiz həddində) olacaq.
Hesablama Palatası da bu məqama diqqət yetirir və bildirir ki, investisiya siyasətində bu dəyişikliklər, yəni qızıl portfelinin investisiya potfelinin məcmu dəyərinin 10%-ə qədər artırılması nəticəsində borc öhdəlikləri və pul bazarları alətlərinin 60%-dən 55%-ə endirilməsi Fondun bütün portfel üzrə gəlirliliyinin azalmasına təsir göstərir, bu da nəticə etibarı ilə Fondun gəlirlik həcminin 2,14%-lə proqnozlaşmasına şərait yaratmışdır.
Palata qeyd edir ki, 2018-ci ilin göstəricisini (1,96%) nəzərə aldıqda, bu artımı məqsədəuyğun hesab etmək olar.
Eyni zamanda Palata qeyd edir ki, növbəti ildə Fondun büdcəsinin profisitlə proqnozlaşdırılması (3854,9 mln manat) yığıma yönələn məbləği artıracaqdır ki, bu da investisiya siyasəti çərçivəsinə uyğun olaraq investisiya portfelinin tərkibində səhm portfelinin həcminin artmasına şərait yaradacaqdır ki, (təqdim olunmuş proqnoz göstəricilərinə uyğun olaraq) bu da öz növbəsində orta illik gəlirlilik göstəricisinə öz təsirini göstərəcək.
«Qeyd olunan göstəricilər gəlirlilik göstəricisinə müsbət təsir göstərməklə yanaşı tərkib risklərini də özundə birləşdirir ki, bu da Fondun investisiya siyasətinin formalaşdırılmasında uzunmüddətli investisiya strategiyasının səmərəli tətbiqini, mövcud bazar konyunkturasının daha ciddi araşdırılmasını və dövrü təhlillərin aparılmasını şərtləndirir».
Palata bildirir ki, nəticə etibarı ilə investisiya siyasəti çərçivəsinə uyğun olaraq səhm portfelinin məcmu investisiya portfelinin 25%-nə yaxınlaşması vəsaitlərin gəlirlilik səviyyəsinə təsir etsə də səhm portfelində böyük həcmli vəsaitlərin saxlanmasına şərait yaradır ki, bu da maliyyə bazarlarında müşahidə edilən volatilliyin fiskal itkilərə səbəb olma ehtimalını artırır.
Hesablama Palatası Neft Fondu ilə bağlı bəzi tövsiyələrini də səsləndirib. Palata bildirir ki,
1. Fondun budcə gəlirlərinin büdcə xərclərini üstələməsi 3 854 911,3 min manat profisitin yaranmasına və Fonda daxilolmaların yığıma yönəldilməsinə şərait yaradıb. Eyni zamanda “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” ilə təsdiq edilmiş “neft və qaz gəlirlərinin zirvə səviyyəsinə çatdıqda onların 25%dən az 20 olmayan hissəsinin yığıma yönəldilməsi” prinsipinə riayət edilməsi mümkün olmayıb
2. Səhm portfelinin ümumi investisiya portfelinin 25%-ə yaxınlaşması vəsaitlərin gəlirlilik səviyyəsinə müsbət təsir etsə də, maliyyə bazarlarında müşahidə edilən volatillik nəticəsində tərkib risklərini özündə birləşdirilməsini nəzərə alaraq mövcud bazar konyunkturasının daha ciddi araşdırılması tələb olunur.
3. Fondun ümumi qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə ümumi yuxarı həddini müəyyən etmək vacibdir.
4. Palata hesab edir ki, investisiya portfelindəki digər aktivlər kimi qızıl portfelinin də gəlirliyinin yüksəldilməsinə istiqamətlənən strategiyalar üzrə əsaslı araşdırmaların aparılmasının və mövcud yanaşmaya yenidən baxılması vacibdir.
5. Ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənilməsindən əldə ediləcək neft gəlirlərinin proqnozlaşdırılması zamanı (neftin büdcədə nəzərdə tutulmuş orta illik ixrac qiymətinə uyğun hasilat üzrə) cari ilin müvafiq dövrünün icrası nəzərə alınmaqla təqdim olunmuş layihələrin ətraflı təhlil edilməsi və nəzarət mexanizmi sisteminin təkmilləşdirilməsi vacibdir.
6. Palata vurğulayır ki, 2003-cü ildən indiyədək transfertin həcminin ən yüksək olduğu dövrün 2019-cu il üzrə 11 364,3 mln manat nəzərdə tutulması Milli İqtisadiyyatın Strateji Yol Xəritəsində təsbit edilən Dövlət büdcəsinin Dövlət Neft Fondunun transfertlərindən asılılığının azaldılması məqsədləri ilə uyğunluq təşkil etmir.
7. Fondun Əsasnaməsinə uyğun olaraq əldə edilmiş vəsaitlərin öncül sahələrinin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsinə yönəldilməsi əsas vəzifə kimi müəyyən edilməsinə baxmayaraq növbəti ildə bu istiqamət üzrə aktiv fəaliyyət nəzərdə tutulmur.
8. İnvestisiya portfelinin daha da optimallaşdırılması və gəlirliyin yüksəldilməsi üçün Fondun xərclərinin növbəti il ilə yanaşı sonrakı 2 il üçündə proqnozlaşdırılması istiqamətində təkliflərin də verilməlidir.