Dünyanın neft ixracçı ölkələrinin təşkilatı – OPEK üçün ciddi problem yaranıb. Bu problemin adı - Braziliyadır.
FED.az xəbər verir ki, son illər sürətlə neft ölkəsi statusu alan Cənubi Amerika ölkəsi gözlənilmədən OPEK-ə daxil olmaqdan və neft hasilatı ilə bağlı məhdudiyyətlərə əməl etməkdən imtina edib.
Braziliya rəhbərliyi bildirir ki, neft hasilatını artırmaq fikrindədir, ona görə də OPEK-in qadağalarına hazır deyil. Bu vəziyyət OPEK və onun dünya neft bazarındakı statusuna böyük zərbə ola bilər. Çünki hazırda neft ölkələri onsuz da bazardakı başqa oyunçuların hərəkətlərindən əziyyət çəkirlər, yeni üzvlərin gəlməməsi, üstəlik buradakı məhdudiyyətlərə baxmayaraq hasilatı artırması OPEK-in tamamilə zəifləməsinə, hətta dağılmasına gətirə bilər.
Yanvarın əvvəlində Braziliyanın energetika naziri Bentu Albukerke bildirmişdi ki, ölkə OPEK-ə daxil olmaq üçün danışıqlara başlayır. Hətta bu ilin sonunadək Braziliyanın OPEK üzvü olacağı bildirilirdi. Amma danışıqlar baş tutmayıb və indi nazir bildirir ki, ölkə OPEK-ə daxil olmaq niyyətində deyil: «Sadəcə istəyirik ki, hasilatı artırıb bazardakı yerimizi genişləndirək. Ona görə də biz hər hansı təşkilata daxil olmaq niyyətində deyilik. Biz məhdudiyyət yox, hasilatı artırmaq istəyirik». OPEK-lə danışıqlar isə, alınsa, bu ilin iyulunda baş tuta bilər.
Braziliya hökumətini OPEK-lə bağlı planlarını dəyişməyə yerli biznes məcbur edib. Milli neft-qaz şirkəti olan «Petrobras» və bəzi hökumət üzvləri OPEK-ə üzvlüyü yaxşı ideya saymırlar. Onların fikrincə, OPEK-ə daxil olmadan da qlobal iqtisadiyyata inteqrasiya olunmaq mümkündür. Braziliyanın OPEK-ə üzvlüyünə indiki prezident Jair Bolsonaru da razı deyil. Bu ölkə ABŞ-la yaxınlaşmaq istəyir, ABŞ isə OPEK-i nefti süni bahalaşdırmaqda ittiham edir.
Paralel olaraq Braziliya neft hasilatını sürətlə artırır. Ötən il hasilatın həcmi sutkada 3,1 milyon barelə çataraq rekord vurub. 2019-da ölkədə 1 milyard bareldən artıq neft çıxarılıb. Hökumətin planlarına görə, qarşıdakı 10 ildə bu rəqəm ikiqat artmalı və 2030-cü ildə gündə 7 milyon barelə çatmalıdır. 2020-ci ildə gündəlik hasilat daha 460 min barel artacaq.
İndi Braziliya enerji resurslarının ixracı həcminə görə dünyada doqquzuncu yeri tutur, amma qarşısına 5-ci yerə yüksəlmək vəzifəsini qoyub. OPEK-in qadağaları isə buna mane olur.
Belə böyük artımlar yalnız iki ölkədə var – Norveç - 527 min barel artım və ABŞ - 1,09 mln barel artım.
Bəzi ekspertlər bildirir ki, hasilat nəzərdə tutulduğu kimi artsa, Braziliya, hətta ABŞ, Səudiyyə və Rusiyadan sonra 4-cü neft hasilatçısı ola bilər. Artıq 2020-ci ildə ölkə dünya bazarına gündə 1,4 milyon barel neft çıxara biləcək. Hərçənd, qeyd etmək lazımdır ki, hazırda Braziliya neft bazarının mühüm oyunçusu deyil – dünya bazarının cəmi 4%-i bu ölkənin payına düşür.
Əvəzində Braziliyanın OPEK-dən imtina etməsi sonuncuya böyük zərbə vuracaq, özü də məsələ təkcə imicin korlanmasında deyil.
Məsələ bundadır ki, OPEK-in neftin qiymətini yüksək saxlamaq üçün tətbiq etdiyi qadağalar nəticəsində OPEK üzvlərinin hasilatı azalır, OREK-in isə neft bazarında payı aşağı düşür. Təkcə Səudiyyə 2015-ci ildə gündə 11 mln barel neft hasil etdiyi halda, indi bu rəqəm 9,8 milyona enib. Təşkilatın üzvlərinin son görüşündə gündəlik hasilatı 32,4 milyondan 30 milyon barelə endirmək qərara alınıb. Bu addım nəticəsində neft bazarında qiymətlər sabitləşsə də, OPEK üzvlərinin bazar payı tarixi minimuma düşüb – bazarın cəmi 28,5%-i.
Əldən çıxan pay ABŞ-a çatıb, hansı ki, gündəlik hasilatı 4 milyon barelə çatdırıb və ölkə neft ixracçısına çevrilib. Artım bu il də davam edəcək – 2020-ci ildə ABŞ neft hasilatını 400 min barel artırmaq niyyətindədir.
Ekspertlər bildirir ki, belə getsə, qarşıdakı illərdə OPEK-i parçalanıb ləğv olunmaq gözləyir, çünki təşkilatın neft bazarını tənzimləmək üçün hasilatı azaltmaqan başqa aləti yoxdur: «Ehtimal var ki, qarşıdakı illərdə bazarda yalnız ABŞ, Səudiyyə, Qətər və Braziliya qalacaq».