Sentyabrın 25-də İraqın şimal ərazilərini əhatə edən Kürdüstan Regional Hökuməti muxtar vilayətin müstəqilliyi haqqında referendum keçirməyə hazırlaşır. Kürdlər rəsmi Bağdadın və əksər region dövlətlərinin etirazına, həmçinin beynəlxalq təzyiqlərə baxmayaraq, ümumxalq səsverməsinin məhz bu bazar keçirilməsində israrlıdırlar. Bəs görəsən, neftlə zəngin bir bölgədə cərəyan edən siyasi hadisələr qlobal bazarlarda qara qızılın qiymətinə necə təsir göstərə bilər?
FED.az Forbes-ə istinadən xəbər verir ki, hazırda Kürdüstan Regional Hökuməti İraqın neft ehtiyatlarının təxminən 20%-nə nəzarət edir ki, bu da 28,5 mlrd. barrelə barabərdir. Bloomberg agentliyi isə muxtariyyətin neft ehtiyatlarının 45 mlrd. barrelə çata biləcəyini ehtimal edir.
Müstəqil neft-qaz konsaltinqi şirkəti Rystad Energy-dən verilən məlumata görə, İraq kürdlərinin nəzarətində olan ərazilərdə gündəlik neft hasilatı ötən il 545, cari ildə isə 602 min barrel təşkil edib. Hasil edilən neft dünya bazarlarına Türkiyənin Ceyhan limanından çıxarılır. Bloomberg-in məlumatına görə, ötən il Kürdüstanın gündəlik neft ixracı 515 min barrel olub.
Ekspertlərin fikrincə, referendumun nəticələri əsasında Kürdüstan Regional Hökumətinin birtərəfli qaydada müstəqilliyini elan edəcəyi təqdirdə, bu hadisənin neftin qiymətlərinə təsiri kürd hökumətinin OPEK və bölgə dövlətləri, xüsusilə də Türkiyə ilə münasibətlərindən, eləcə də Kərkük probleminın həllindən asılı olacaq.
OPEK üçün hasilatın azaldılması üzrə sazişin qüvvədə olduğu bir məqamda, İraq neftinin 20 faizinə sahib bir bölgənin kartelin nəzarətindən kənarda qalması heç də arzuolunan deyil. Lakin Kürdüstanın yaxın gələcəkdə kartelın təsir dairəsinə cəlb olunması, ən azı İraq və İranın kəskin etirazı səbəbindən mümkünsüz görünür.
Türkiyə ilə münasibətlərə gəlincə, qeyd edək ki, hazırda Kürdüstan nefti yalnız bu ölkə vasitəsilə xarici bazara çıxarılır. Türkiyənin referenduma kəskin etiraz bildirməsinin ardından bəzi xarici investorlar bölgə neftinin yeganə eksport xəttinin təhlükə altında olduğunu qənaətinə gəlsələr də, Bərzani hökuməti bu təhlükənin real olmadığını bildirir. Kürdüstan Regional Hökumətinin rəsmiləri referendum planının hələ iyun ayında açıqlandığını xatırladır və o zamandan bugünədək neft ixracında bir gün belə axsama olmadığını bəyan edirlər.
Referendumdan sonra Kərkük ətrafındakı yarana biləcək gərginlik də neft qiymətlərinə təsir göstərə bilər. Xatırladaq ki, Kərkük hüquqi cəhətdən Kürdüstan muxtariyyətinin ərazisi sayılmasa da, faktiki olaraq kürd peşmərgələrinin nəzarəti altındadır və Bərzanı höküməti tərəfindən referendumun əhatə dairəsinə salınıb. İraqın neft nazirinin müavini Fəyyad əl-Nimin sözlərinə görə, hazırda Kərkükdə yerləşən neft yataqlarından gün ərzində 350-400 min barrel neft hasil olunur ki, bu da Kürdüstan neft hasılatının yarıdan çoxu deməkdir. Kərkükü İraq federal parlamentində təmsil edən Xalid əl-Mifəlci Bloomberg agentliyinə müsahibəsində bildirib ki, əgər kürdlər silah gücünə Kərkükü də müstəqil kürd dövlətinin tərkib hissəsi elan etsələr, o zaman bu ərazilər qeyri-iraq silahlı qüvvələri tərəfindən işğal olunmuş sayılacaq və mərkəzi hökumət həmin ərazilərin azad olunması üçün lazımi tədbirlər görməyə məcbur olacaq.
Beləliklə də, sentyabrın 25-də dünya ictimaiyyəti Yaxın Şərqin mərkəzində yeni qeyri-ərəb dövlətinin yaranmasının şahidi ola bilər. Hələlik yalnız İsrail tərəfindən açıq şəkildə dəstəklənən bu dövlətin neft ehtiyatları ilə zəngin olduğunu nəzərə alsaq, hadisələrin necə cərəyan edəcəyini və beynəlxalq neft bazarlarının baş verənlərə reaksiyasını proqnozlaşdırmaq çox çətin bir məsələdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Kürdüstan referendumu neft qiymətlərinə necə təsir göstərə bilər?
15:43
21 Sen 2017