Kubada son 72 saat ərzində enerji və nəqliyyat sistemi tamamilə iflic vəziyyətinə düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tarixində ən ağır iqtisadi böhranlardan birini yaşayan Kubada benzinin "qara bazar" qiyməti rəsmi tarifləri 10 dəfədən çox üstələyərək rekord həddə çatıb.
Xatırladaqki, son günlər ABŞ hökuməti Kubaya qarşı sanksiyalar tətbiq edib, ölkəyə neft və neft məhsulları buraxılmır. İndiyədək Kubaya neft verən Venesuela və Meksika da ABŞ-ın hədələrindən sonra bunu dayandırıblar. Nəticədə indi ölkədə enerji böhranı yaranıb, xüsusilə benzin və dizel kəskin bahalaşıb.
Belə ki, Kubada benzinin rəsmi qiyməti 1 litr üçün 1,3 dollardır, bu qiymətə 20 litr benzin almaq olar. Amma bu benzin normasını almaq üçün bir ay əvvəldən növbəyə dayanmaq lazımdır.
Turistlər üçün olan yanacaqdoldurma məntəqələrində növbə yeri isə 20-40 dollara satılır. Nəticədə ortadakı vasitəçilərin gəliri gündə 500 dollara çatır.
Ona görə də aprelin ilk günlərindən etibarən paytaxt Havana və digər iri şəhərlərdə benzinin 1 litri «qara bazarda» 10 dollara (təxminən 3000 Kuba pesosu) yüksəlib. Bəzi hallarda 1 litrin qiyməti 8-12 dolar arasında dəyişir.
Dizel dizel yanacağında da eyni vəziyyətdir, rəsmi qiyməti 1,1-1,2 dollar olan Kubada indi dizel 5-7 dollara satılır. Çünki rəsmi qiymətə almaq üçün günlərlə növbədə dayanmaq lazımdır.
Amma dizel qıtlığı ölkə üçün daşa böyük problem yaradır. Belə ki, kənd təsərrüfatı dizellə çalışdığına görə, yanacaq böhranından sonra texnikalar tarlalarda qalıb, məhsul yığımı dayanıb.
Elektrik stansiyaları da təxminən 80% dizel və mazutla çalışdığına görə, enerji istehsalında problem yaranıb. Nəticədə ölkədə gündə 2-4 saat enerji verilir. Soyuducu sistemlərinin işləməməsi səbəbindən ərzaq ehtiyatları kütləvi şəkildə xarab olur.
Ölkənin nəqliyyatı da iflic vəziyyətdədir. Qıtlıq səbəbindən son bir neçə gündə şəhərlərarası avtobus reyslərinin 90%-i ləğv edilib.
Ərzaq daşıyan yük maşınları yollarda qalıb, bu da şəhərlərdə süni qıtlığa və qiymət artımına səbəb olub.
Bahalaşma elə həddə çatıb ki, avtomobilin yanacaq bakını tam doldurmaq üçün yarım il işləmək lazımdır. Qeyd edək ki, Kubada orta aylıq əmək haqqı 2500-3000 pesodur, rəsmi məzənnə ilə bu 150-170 dollar olsa da, real məzənnəni nəzərə alanda cxəmi 20 dollar edir. Nticədə bir tam bak yanacaq doldurmaq üçüe orta statistik kubalı yarım illik gəlirini xərcləməlidir.













