25 il əvvəl, Azərbaycanla altı müxtəlif ölkəni təmsil edən 11 enerji şirkəti arasında "Əsrin Müqaviləsi" adı ilə tanınan sənəd imzalanıb. Onun reallaşmasında mühüm rol oynayan keçmiş ABŞ səfiri sənədi "təkrarolunmaz tarixi müqavilə" adlandırıb.
FED.az BBC NEWS azərbaycancaya istinadən xəbər verir ki, 1994-cü ildə ABŞ-la yanaşı, Türkiyə və Rusiya şirkətlərinin də hasilatın pay bölgüsü sazişində iştirakı, Sovet İttifaqının dağılmasından sonrakı bir neçə il ərzində bu tarixi rəqiblər arasında əlaqələrin nisbətən yaxşılaşdığı dövrə təsadüf edib.
90-cı illərdə Rusiyanın iqtisadi baxımdan geriləməsi və Çeçenistandakı müharibə kimi siyasi böhranla üzləşməsi onu ABŞ və Avropa ölkələrinin Xəzər dənizindəki fəal iştirakına böyük əngəl yaratmasına imkan vermirdi.
Rusiyanın bu müqaviləyə münasibətini yumşaldan digər məqam isə onun da iştiraka dəvət olunması olub.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich bu və müqavilənin əldə edilməsinə çətinlik yaradan digər faktorlar barədə BBC News Azərbaycancaya danışıb.
- Azərbaycan və BP arasında nəhəng yataqların işlənməsi müddəti uzadılıb
- AÇG üzrə yeni Saziş: SOCAR-ın payı artdı
- Əsrin müqaviləsi - 20 il sonra
"Biz onu 21-ci əsrdə təkrarlaya bilmərik"
Müqavilə nəticəsində yaradılan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) konsorsiumuna ABŞ, Birləşmiş Krallıq (Britaniya), Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının neft şirkətləri daxil olub.
ABŞ-ın Azərbaycanda o vaxtki səfiri Richard Kauzlarich mürəkkəbliyinə görə onu "təkraredilməz" müqavilə adlandırıb.
"Bu, bir mükəmməl təsadüf idi. Kommersiya və geosiyasi baxımdan Azərbaycanda həm hakimiyyət, həm də ARDNŞ-in idarəçiliyi baxımından mükəmməl bir təsadüf idi. Çox çətin idi, lakin nəticəsi də çox müsbət idi. Biz onu 21-ci əsrdə təkrarlaya bilmərik", o bildirib.
Hazırda George Mason universitetinin Schar Siyasət və Hökumət Məktəbində dərs deyən sabiq səfir, professor Richard Kauzlarich indiki dövrdə bu təsadüfi imkanların mövcud olmadığını düşünür.
Cənab Kauzlarich deyir ki, o dövrdə Rusiyanın nisbətən zəif olmasına baxmayaraq, bu müqaviləni əngəlləməyə cəhd göstərib.
Həmin dövrdə mətbuata və Rusiya siyasətçilərinin çıxışlarına nəzər yetirdikdə, bu müqaviləyə .böyük şübhə ilə yanaşıldığı görünür.
Hətta müqavilənin imzalanmasından bir il sonra, Rusiya parlamentinin yuxarı palatası, Federasiya Şurasının spikeri, Vladimir Şumeyko, 1995-ci ildə Bakıda səfərdə olarkən Moskvanın "ABŞ-ın Azərbaycanda strateji maraqlarının birbaşa mövcud olmasının əleyhinə olduğunu" bildirib.
Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi "Azərbaycanı və Xəzər dənizi bölgəsindəki bir sıra ölkələri daha real mövqe tutmağa inandırmaq üçün sərt tədbirlər planlaşdırdığını" deyərək xəbərdar edib.
Rusiyanın "payı"
Sonradan müqaviləyə edilən əsas dəyişiklərdən biri Rusiyanın Lukoil şirkətinin müqavilədə iştirakının qəbul edilməsi idi.
Hərçənd ki, cənab Kauzlarich xatırlayır ki, "Rusiya müqavilənin imzalanmasına bir neçə həftə qalmış Xəzərin demarkasiyası məsələsini qaldıraraq" müqaviləyə mane olmağa cəhd etdi.
"Bu çox gözlənilməz şəkildə baş verdi. Onların mövqeyi o idi ki, Xəzərin statusu barədə beş Xəzər ölkəsi arasında razılıq olmadan heç bir müqavilə imzalana bilməz."
Amma təhlilçilər ABŞ-ın siyasi dəstəyi ilə Rusiyanın bu cəhdlərinin qarşısını alındığını güman edirlər.
ABŞ şirkətlərinin fəallığı
Richard Kauzlarich deyir ki, yadında qalan əsas məqamlardan biri də ABŞ şirkətlərinin kommersiya və geosiyasi baxımdan razılıq əldə etməkdə ABŞ hökumətindən də "həvəsli olmaları idi". Onlar bundan əvvəl Qazaxıstanda da bənzər layihələrdə Rusiyanın maneəsi ilə üzləşdiklərinə görə buna hazır idilər."
O etiraf edir ki, ABŞ-la əlaqələr şirkətlərin kommersiya həvəsi və siyasi liderlərin fəallığına baxmayaraq, problemsiz olmayıb.
ABŞ Konqresində 1992-ci ildə "Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəliş edilib. ABŞ-da erməni diasporasının lobbiçiliyi ilə qəbul olunan bu düzəliş Azərbaycana hücum xarakterli silahların satışını yasaqladı. Lakin 2001-ci ildən bəri bu düzəlişin tətbiqi ABŞ prezidenti tərəfindən dayandırılıb.
"Düzdür ki, 907-ci maddə ilkin dövrdə əvvəlcə Elçibəy ilə və daha sonra Heydər Əliyevlə münasibətlərdə çətinliklər yaratmışdı", cənab Kauzlarich deyir.
"Lakin hər iki prezident Azərbaycanın enerji resurslarının inkişaf etdirilməsi üçün ABŞ-la Azərbaycan arasında razılığın nə qədər vacib olduğunu anlayırdı. Məni xüsusilə heyran edən, Ermənistanla müharibə və ABŞ-da yerli siyasi dəyişiklərə baxmayaraq, Heydər Əliyev və danışıqlarda iştirak edən ARNDŞ rəsmilərinin diqqətlərini hədəfdə saxlamaları idi".
İranın təsiri
Mühüm rolu olan digər ölkələrdən biri isə İran idi.
Cənab Kauzlarich deyir ki, Rusiyanın cəhdinə bənzər şəkildə İran da son anda özünü hasilatın pay bölgüsü sazişə daxil etməyə cəhd etdi.
"Bu, Heydər Əliyevi çox çətin vəziyyətə saldı. Aydın idi ki, iranlıların imkanları var idi - onlar bu dövrdə Ermənistanı dəstəkləyirdilər və Cənubi Azərbaycanda separatçı hərəkatın yaranmasından narahat idilər. Onlar Elçibəyi heç bəyənmirdilər. Heydər Əliyevi də çox bəyənmirdilər".
"Mən Heydər Əliyevin hasilatın pay bölgüsünə dair sazişdə kiçik bir payı İrana verməyə hazır olduğunu öyrənəndə, prezidentin yanına gedib dedim ki, əgər siz İran şirkətlərinə bu müqavilədə pay versəniz, ABŞ şirkətləri bu layihədə iştirak edə bilməyəcək".
Keçmiş səfir əlavə edir: "Çünki bu dövrdə ABŞ qanunları, sanksiyalar ABŞ şirkətlərinə İranla kommersiya əlaqələri qurmasını qadağan etmişdi. Əliyev də buna "OK" dedi. Çünki ABŞ şirkətlərinin iştirakı daha vacib idi. Daha sonra, o, iranlılara Şah Dənizdə bir pay verdi, çünki burada ABŞ şirkətləri iştirak etmirdi."
Cənab Kauzlarich bunun çox mürəkkəb layihə olduğunu vurğulayaraq, mövcud olduğu formatdan fərqli variantların mümkün olmadığını deyir.
Heydər Əliyevin rolu
O, Heydər Əliyevin bu müqavilənin əldə edilməsində "böyük rolu olduğunu" vurğulayıb. Onun sözlərinə görə, sabiq prezident ABŞ-la Britaniyanın mühüm tərəfdaşlar olduğunu anladığından və Rusiya ilə İrana münasibətdə düzgün mövqedən yanaşdığından müqavilə üzrə danışıqlar uğurla nəticələnib.
Cənab Kauzlarich deyir ki, "müqavilənin reallaşmasında Heydər Əliyevin bir lider olaraq diqqətini hədəfdə saxlamasının mühümlüyünü kiçiltmək olmaz. Səfir olduğum müddətdə prezidentlə bir çox məsələlərdə, insan hüquqları kimi məsələlərdə razılaşmırdıq. Lakin enerji siyasətinə gəldikdə, məncə o həmişə Azərbaycanın maraqlarını irəli sürən, etibarlı və dürüst insan olub."
O qeyd edir: "Daha sonra baş verənləri kənara qoysaq, ətrafındakı şəxslərlə müqayisədə bu müqaviləni reallaşdırmağa qadir olan yeganə şəxs Heydər Əliyev olub".
Keçmiş səfir deyir ki, hazırda Azərbaycan xarici siyasətində Rusiyaya daha yaxındır və enerji bazarında xeyli dəyişiklər baş verdiyinə görə bu müqaviləni təkrarlamaq mümkün deyil.
"Hiss olunurdu ki, bu insan həyatda istədiyi hər şeyə nail olub"
Cənab Kauzlarich həmin dövrə aid xatirələri sırasında ən unudulmaz hadisələrdən birinin müqavilənin imzalanmasından üç il sonra baş verdiyini deyir:
"Heydər Əliyev Washington-a gedib prezident [Bill] Clintonla görüşməyi çox istəyirdi. Onun üçün ABŞ-la əlaqələrdə ən yüksək hədəf bu idi."
"Mən 1997-ci ildə Azərbaycana səfir vəzifəmi başa vurub Bosniya və Herseqovinada səfir olmağıma baxmayaraq, mən Dövlət Departamentinin istəyilə Heydər Əliyevin prezident Clinton və vitse-prezident [Al] Gore ilə görüşündə iştirak edən komandanın üzvü oldum."
"Görüşdən sonra Heydər Əliyevin xarici siyasət üzrə müşaviri Vəfa Quluzadənin yanında dayanarkən Əliyevin üzünə yayılmış təbəssüm yadımdadır. Hiss olunurdu ki, bu insan həyatda istədiyi hər şeyə nail olub. Diplomatiyada belə şad anlar nadirdir, lakin bu, onlardan biri idi", sabiq səfir deyir.