Avropa ölkələri Azərbaycandan əlavə həcmdə qaz almaq istəsələr, bunun üçün yeni muüqavilələr bağlamalıdırlar.
Eləcə də bax: İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib - TAM MƏTN - VİDEO
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsında bildirib.
Müsahibədə agentliyin müxbiri Avropada qazın kəskin bahalaşdığını xatırladaraq prezidentdən soruşub ki, Azərbaycan Avropaya əlavə həcmdə qaz verə bilərmi: «Əməkdaşlıq haqqında danışdıqda, Azərbaycan ötən ilin sonunda Cənubi Avropa ölkələrinə təbii qazı nəql etməyə başlayıb. Hazırda Avropanın qaz bazarında ehtiyatda saxlanılan qazın həcmi çox aşağı düşüb. Qiymətlər isə sürətlə qalxır. Bu halda Sizin ixracı artırmaq niyyətiniz varmı? Avropaya əlavə nə qədər qaz nəql edə bilərsiniz?»
Dövlət başçısı bildirib ki, bu mümkündür, amma bunun üçün Avropa ölkələri Azərbaycanla yeni müqavilələr bağlamalıdır:
«Haqlısınız. Biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü - dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq.
Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki siz əvvəlcə qazı satmalısınız, sonra onu hasil etməlisiniz. Adətən qaz biznesində fəaliyyətin ardıcıllığı belədir».
Prezident bildirib ki, Azərbaycanın qaz ehtiyatları daxili tələbatı ödəmək və ixrac üçün 100 il bəs edəcək həcmdədir, ona örə də yeni müqavilə olarsa, Avropaya əlavə qaz həcmi göndərmək çətin olmayacaq: «Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda, yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq».
Müxbirin "Lakin bu qış üçün o, mümkün deyil, düzdür?" sualına cavab olaraq prezident bildirib ki, bu qış üçün vaxt artıq gecdir:
"Texniki və kommersiya baxımından mümkün deyil. Cəmi bir və ya iki ay qalır. Lakin, əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var və üstəgəl, biz özümüz və xarici investorlar hazırda bərpa olunan enerjiyə sərmayə yatırırıq. Bu səbəbdən, özümüz istehlak etdiyimiz təbii qazı ixraca yönəldə biləcəyik, çünki bunu günəş və külək enerjisi ilə əvəz edəcəyik. Beləliklə, qeyd etdiyim kimi, bu halda potensial çox böyükdür. Boru kəməri istismar edilir. Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən, şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı".