Türkiyədə Ulu Öndər Heydər Əliyevin və Türkiyənin 100-cü ildönümü möhtəşəm gecə ilə qeyd edilib
FED.az xəbər verir ki, “SOCAR Türkiyə” şirkəti qardaş Türkiyənin 100 illiyi və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini İstanbulda Atatürk Mədəniyyət Mərkəzində (AKM) təşkil etdiyi xüsusi bir gecə ilə qeyd edib. “Bir əsrin dastanı” adlı rəqs göstərisi iki ölkənin mübarizəsi, dostluğu və qardaşlığı üzərinə sənhələşdirilib.
Unudulmaz tamaşada eyni dildə danışan və eyni mədəni irsi paylaşan Türkiyə və Azərbaycanın tarixdən gələn birlik, dostluq və qardaşlığını vurğulayan hekayədən bəhs edilir.
“Bir əsrin dastanı” hər iki ölkənin çiyin-çiyinə vuruşduğu müharibələr, onların cəsur, fədakar, vətənpərvər xalqı, Orta Asiyadan başlayan türk axınlarını, İki böyük liderin – Atatürk və Heydər Əliyevin mübarizəsini nümayiş etdirərək tamaşaçını keçmişə aparır. Rəqs şousunda başda Azərbaycan və Türkiyə olmaqla türk dövlətlərinin möhtəşəm tarixi və mədəni zənginliyi sərgilənib.
80 rəqqasənin səhnəyə çıxdığı 90 dəqiqəlik şouda Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, “SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Elçin İbadov, Türkiyə dövlətinin rəsmiləri, iş dünyasının nümayəndələri, “SOCAR Türkiyə”nin əməkdaşları, media təmsilçiləri iştirak ediblər.
Şounun açılışında çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva deyib: “Biz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərini böyük sevinc, həyəcan və ruh yüksəkliyi ilə qeyd edirik. Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzərsizdir və qədim bir tarixə malikdir. Ortaq köklərimiz, dilimiz, dinimiz, oxşar mədəniyyətimiz və dəyərlərimiz aramızdakı bağların qırılmasına imkan vermədi. Bu gözəl, mənalı gecədə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Mən əminəm ki, qardaşlığımız və dostluğumuz 100 illərlə davam edəcək”.
Proqramdan əvvəl açıqlama verən “SOCAR Türkiyə” şirkətinin Baş direktoru Elçin İbadov “2023-cü il bizim üçün mühüm il oldu: “Bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi, eyni zamanda müasir Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi olduğu üçün ona xüsusi əhəmiyyət verdik. Eyni zamanda, bu il SOCAR Türkiyə-nin 15 illik yubileyidir. Ona görə də biz bu tədbirə xüsusi hazırlaşdıq. Biz hər zaman sənətə də önəm verən və bu sahədəki fəaliyyətləri dəstəkləyən bir şirkətik. Bu axşam nümayiş olunacaq tamaşa Azərbaycan və Türkiyə başda olmaqla bütün türk xalqlarının tarixi inkişafını, mədəni zənginliyini, öz köklərinə və qurucu liderlərinə sədaqətini, daha da önəmlisi, xalqın müstəqilliyinə olan inamını simvolizə edən rəqs göstərisidir”.