ABŞ İrana neft satışından 14 milyar dollara qədər gəlir əldə etməyə icazə verəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Qeyd edək ki, İran münaqişəsi səbəbilə Brent markalı xam neftin qiyməti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 60% artaraq barel üçün 110 dolları keçib və bu da bazarlarda çaxnaşmaya səbəb olub.
Nəticədə ABŞ bazarda problem yaranmaması üçün indiyədək neftinə qadağa qoyulan bəzi ölkələrin neft satışına icazə verib.
Belə ki, hətta Rusiya neftinin də satışına qoyulan sanksiyalar 1 aylıq müddətinə dayandırılıb.
|Neftin qiyməti 147 dollara yüksələ bilər - “Goldman Sachs”dan xəbərdarlıq
Növbəti addım olaraq ABŞ hökuməti artıq gəmilərə yüklənmiş İran neftinin satışını 30 gün – martın 19-dan aprelin 19-dək sanksiyalardan azad edib.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, dünya bazarlarına cari təchizatı müvəqqəti olaraq açmaqla ABŞ qlobal bazarlara təxminən 140 milyon barel neft tədarük edəcək və beləliklə, ümumi enerji təchizatını artıracaq və İrandan müvəqqəti təchizat təzyiqlərini azaldacaq.
“Axios”un əməkdaşı Barak Ravid isə yazır ki, bu, ABŞ tərəfindən İrana edilən böyük maliyyə güzəştidir və 1996-cı ildən bəri ABŞ-ın İran neftini alması ilə bağlı ilk hal olacaq.
ABŞ hökuməti bildirir ki, «bu addım ilə İran neftindən Tehrana qarşı istifadə edəcəyik». Amma neftin satışından gələn pulların müharibədə ABŞ-ın özünə qarşı istifadəsi də müzakirə edilməyə başlayıb.
«Blackstone Compliance Services» şirkətinin direktoru David Tannenbaum isə bildirib ki, “Yumşaq desək, bu, axmaqlıqdır”. “Əsasən, biz İrana neft satmağa icazə veririk ki, bu da müharibə səylərini maliyyələşdirmək üçün istifadə edilə bilər.”
ABŞ hökuməti isə bu təhlükəni təkzib edir - Bessent bildirir ki, “Bu müvəqqəti, qısamüddətli icazə yalnız artıq tranzitdə olan neftə aiddir, yeni çıxarılacaq neft aid deyil. Üstəlik İran bu neftin satışından əldə edilən istənilən gəlirə çıxışda çətinlik çəkəcək və ABŞ İrana və onun beynəlxalq maliyyə sisteminə çıxış qabiliyyətinə maksimum təzyiq göstərməyə davam edəcək».











