2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 122 min 386 ton neft məhsulu ixrac olunub.
Qaz ixracı 6 milyard dollara yaxınlaşdı – GƏLİR İSƏ 25% ARTDI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, neft məhsulları ixracı ötən ilin eyni dövründə 105 min 242 ton təşkil etmişdi. Beləliklə ixrac həcmi 16,3% və ya 17 min 144 ton artıb.
Bununla belə, ixracdan əldə edilən gəlir 9,7% azalaraq 56 milyon 726 min dollar olub. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 62 milyon 829 min dollar idi. Yəni cari ilin ilk üç ayında ötən illə müqayisədə ixrac gəliri 6 milyon 103 min dollar azalıb.
Orta ixrac qiymətinə gəldikdə isə, 2024-cü ildə bir ton neft məhsulunun ixrac dəyəri 597 dollar idisə, 2025-ci ildə bu göstərici 463 dollara düşüb. Bu isə hər ton üzrə 134 dollar və ya 22,4%-lik azalma deməkdir.