Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Suraxanı rayonunda fərdi evlərin birindən neft çıxması barədə məlumat yayılmışdı. FED.az xəbər verir ki, hazırda Bakının ətraf qəsəbələrindəki fərdi həyətlərdə neft yataqlarının olub olmaması ilə bağlı müəyyfən axt arış işləri aparılır.
Bəs həyətdən neft çıxarsa, bu kimə çatmalıdır – evin sahibinə, yoxsa dövlətə? Mövzunu FED.az-a şərh edən hüquqşünas Babək Həziyev bildirir ki, bu məsələ «Yerin təki haqqında» qanunla tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur: «Tutaq ki, hansısa torpaq sahəsi və ya həyət var, onun mülkiyyət hüququ vətəndaşa məxsusdur. Buradan hansısa faydalı qazıntı çıxsa, həmin ehtiyatlar tamamilə dövlətə məxsusdur. Başqa sözlə, torpağın üzəri vətəndaşın olsa da, təki dövlətindir».Hüquqşünas bildirir ki, belə hal baş verərsə, yəni faydalı ehtiyat tapılarsa, dövlət vətəndaşın əmlakını ədalətli şəkildə qiymətləndirir və satın alır: «Qanunda yazılıb ki, heç kimin hüquqlarına zərər vurmadan. Bu da elə o deməkdir ki, həmin torpaq sahəsi öz sahibindən ədalətli qiymətə alınsın. Yəni torpaq sahəsi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir və bazar qiyməi ilə alınır».
Bununla yanaşı, hüquqşünas bildirir ki, bu qayda mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahələrinə aiddir: «Hüquq yalnız dövlət mülkiyyəti qeydiyyata alınanda yaranır. İcarə və ya istifadə hüqqu olanda da dövlət qeydiyyatına alınmalıdır. Əgər dövlət qeydiyyatına alınmayıbsa, kompensasiya almaq hüququ məhdudlaşır».
Bununla yanaşı, B.Həziyev bildirir ki, hazırda əmlakın böyük hisəsinin qeydiyyatda olmadığını nəzərə alaraq dövlət bu məsələyə bir qədər loyal yanaşır və müəyyən sənədi olmayanlara da kompensasiya verilir: «Amma ümumiyyətlə heç bir sənəd olmadığı halda mülki qanunveriilik bunu zəbt sayır».
Qeyd edək ki, torpaqdan istifadənin torpaq sahibi və dövlət arasında dəqiq bölgüsü «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilib. Bu maddəyə əsasən, torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər.