Xəbər verildiyi kimi, bu gün prezident İlhəm Əliyev Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsi çərçivəsində Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
FED.az xəbər verir ki, yeni qurğu Azərbaycan iqtisadiyyatı və neft sektoru üçün olduqca mühüm əhəmiyyət daşayır.
Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olan «bp» şirkətindən FED.azza bildirilib ki, Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilib. «BP» bildirir ki, dayaq blokunun tikintisi təhlükəsiz və qrafikə uyğun şəkildə tamamlanıb.
Qurğu Xəzər dənizində AÇG müqavilə sahəsindəki daimi yerinə yola salınmaq üçün barjaya yüklənməyə hazırdır. Dekabrın 13-də prezident İlham Əliyev tərəfindən dayaq blokunun dənizə yola salınması prosesinə start verilib. Bundan sonra qurğu dənizə yola salınmaq üçün STB-1 daşıma barjasına yüklənəcək və 2023-cü ilin birinci rübündə dənizə yola salınacaq.
“BOS Shelf” tərəfindən inşa edilmiş dayaq blokunun qurulmasında subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 2000 nəfərdən çox insan cəlb olunub və işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, dayaq blokunun tikilib dənizə yola salınması ilə ACE layihəsinin ilk böyük hissəsi tamamlanıb: «İndi biz diqqətimizi layihənin digər hissələrinə - üst tikililərə, sualtı tikinti işlərinə və dənizdə quraşdırma fəaliyyətlərinə yönəldəcəyik ki, gələn il layihənin bütöv tamamlanmasına nail olaq və ACE layihəsindən hasilatın başlanması üçün ilk quyunu qazmağa başlayaq»-deyə BP prezidenti bildirib.
BP-nin prezidenti bu prosesdəki dəstəyə və əməkdaşlığa görə Azərbaycan Hökumətinə, SOCAR-a və digər tərəfdaşlara, o cümlədən “BOS Shelf” şirkətinə minnətdarlıq edib.
Yeri gəlmişkən, “BOS Shelf” şirkəti «bp»nin texniki təhlükəsizlik standartlarına tam əməl edərək itirilmiş iş gününə səbəb ola biləcək heç bir hadisəyə yol vermədən 3 milyon saat işi təhlükəsiz yerinə yetirib.
Yeni qurğunun detallarına gəlincə - ACE platformasının dayaq blokunun çəkisi 16000 ton, hündürlüyü 153 metrdir. Bu qurğuya 3 boru daxildir - biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulur. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.
Ümumiyyətlə ACE layihəsi 6 milyard dollarlıq layihədir və Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.
ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, hazırda mövcud olan Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.
Layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.
ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib - indiki qiymətlərlə götürəndə bu sutkada 8 milyon dollarlıq neft deməkdir. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır.
Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. İdarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.
Ümumi layihənin tikinti fəaliyyətləri 2019-cu ildə başlanıb və iş həcminin 80%-i artıq tamamlanıb. Layihədə heç bir xəsarətə yol vermədən 20 milyon saatdan çox iş yerinə yetirilməklə möhtəşəm texniki təhlükəsizlik göstəricisi əldə edilib. Bu vaxtadək Azərbaycanda ACE layihəsinin tikinti işlərinə 8500 nəfərdən çox insan cəlb edilib.