Azərbaycanın ilk özəl enerji şirkəti GL gənc istedadların inkişaf etdirilməsinə və tələbələrə praktiki təcrübə şansının yaradılmasına xüsusi önəm verir.
FED.az xəbər verir ki, GL şirkəti ilə ADA Universiteti arasında bu istiqamətdə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum, tələbələrin təhsil və karyera inkişafı üzrə sıx əməkdaşlığın təmin edilməsi və səylərin birləşdirilməsini nəzərdə tutur.
Razılaşmaya əsasən, GL şirkəti və ADA Universiteti kadr hazırlığının yüksək səviyyədə təşkili üçün birgə tədbirlər həyata keçirəcək. Şirkət təhsil müəssisəsinin kontingenti üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyaları, istehsalat və könüllü təcrübə proqramları təşkil edəcək.
GL şirkətinin Baş icraçı direktoru Asif Zeynalov bildirib ki, bu razılaşma GL şirkətinin korporativ sosial məsuliyyətinin təzahürü olduğu kimi, həm də gənclərimizə, təhsilimizə və insan kapitalına investisiyadır:
“Qarşılıqlı əməkdaşlıq fonunda, GL şirkətində fəaliyyət göstərən kadrlarımızın gənc peşəkarların formalaşmasında və bu dəyər yaradan prosesin bütün mərhələrində iştirak etmələri maraqlı və faydalı təcrübə olacaq”.
Qeyd edək ki, memoranduma əsasən, GL əməkdaşları ADA Universitetində ixtisasartırma kurslarından yararlanmaqla yanaşı, təhsil müəssisəsində qonaq spiker qismində çıxış etməklə tədris fəaliyyətinə də cəlb olunacaqlar.
GL Azərbaycanın ilk özəl yerli enerji şirkətidir. Şirkət Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oyl Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri, eləcə də müasir texniki vasitə və texnologiyalardan istifadə etməklə neft-qaz sənayesində çoxşaxəli texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir.