Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb.
Eləcə də bax: SOCAR və BP yeni müqavilələri - ŞUŞADA İMZALADILAR
FED.az xatırladır ki, Azərbaycan və BP şirkəti "Şəfəq” adlı günəş elektrik stansiyasını yaradırlar. Bu gün Şuşada imzalanan sənəd isə layihənin reallaşdırılması üçün görüləcək tədbirləri əks etdirir.
İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail omaq üçün “Virtual Enerji Ötürülməsi Mexanizmi” adlı biznes modelinin tətbiqi planlaşdırılır. Bu model layihə çərçivəsində Cəbrayılda günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.
Energetika naziri Pərviz Şahbazov deyib: “Bir illik birgə fəaliyyətimizin və səmərəli əməkdaşlığımızın nəticəsində “Şəfəq” layihəsinin reallaşdırılması üçün bütün tərəflərin maraqlarını təmin edə biləcək cəlbedici zəmin hazırladıq. Bugünkü razılaşmamız elektrik enerjisinin istehsalı, ötürülməsi də daxil olmaqla bir çox məsələlər üzrə gələcək fəaliyyətimizə aydın istiqamətlər verir və günəş elektrik stansiyasının inşasına başlamaq prosesini sürətləndirir. Bu sənəd bir daha bu layihənin həyata keçirilməsində qərarlı olduğumuzu və Azərbaycan ilə bp-nin bərpa olunan və aşağı karbonlu enerji mənbələri üzrə əməkdaşlığa sadiqliyini nümayiş etdirir. İnanırıq ki, “yaşıl enerji” zonasında xarici tərəfdaşlığın ilk nümunəsi olan “Şəfəq” layihəsi bp ilə “yaşıl” enerji və dekarbonizasiya üzrə davamlı əməkdaşlığımıza təkan verəcəkdir.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu gün imzalanmış sənəd “Şəfəq” layihəsini yekun investisiya qərarına daha da yaxınlaşdırır. Biz şadıq ki, layihənin kommersiya baxımından uğurlu olmaq ehtimalını artıraraq bütün maraqlı tərəflərə, o cümlədən potensial alıcılara və Azərbaycan hökumətinə faydalı olacaq yanaşma barədə razılığa gəldik. Əminik ki, bu yeni yanaşma neft və qaz əməliyyatlarının, o cümlədən tərəfimizdən həyata keçirilən əməliyyatların dekarbonizasiyasına şərait yaradacaqdır. Bu, 2050-ci ilə qədər, hətta daha yaxın gələcəkdə xalis sıfır emissiyaya nail olmaq məqsədilə əməliyyatlarımızın atmosferə təsirini əhəmiyyətli dərəcədə azaltmaq üçün tədbirlər görməklə qlobal səviyyədə əldə etmək istədiyimiz nəticəyə tam uyğundur.”