“Cənub Qaz Dəhlizi" (SGC) ölkəmiz üçün həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən olduqca əhəmiyyətli layihədir”.
Bunu FED.az-a SGC-nin enerji bazarındakı mövqeyini şərh edən Energetika Nazirliyinin Neft-qaz şöbəsinin müdir müavini Otel Hüseynov deyib.
O.Hüseynov əlavə edib ki, adıçəkilən layihə Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından və Azərbaycanın enerji habına çevrilməsi baxımından xüsusi əhəmiyyətə malikdir:
“Layihənin reallaşması ilə ölkəmiz öz zəngin təbii qaz resurslarının regional və Avropa bazarlarına ixrac imkanlarını əldə edib. Bununla da əldə olunan gəlirlər ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsində vacib rol oynayacaq. İqtisadi əhəmiyyəti ilə yanaşı, eyni zamanda layihənin böyük siyasi əhəmiyyəti də vardır. Belə ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsi olmaqla regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək, bununla da ölkəmizin həm regional, həm də qlobal miqyasda artan nüfuzunu daha da möhkəmləndirəcək”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və ötən ilin sonundan etibarən Avropa bazarlarına da daşınır.
Qeyd edək ki, bu gün videokonfrans formatında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçiriləçək.
Məşvərət Şurasının builki toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin ABŞ, Albaniya, Birləşmiş Krallıq, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Xorvatiya, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Türkmənistan və Yunanıstandan yüksək səviyyəli nümayəndələri iştirak edir.
Tədbirə layihədə iştirak edən şirkətlərin, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının və digər beynəlxalq maliyyə qurumlarının da qatılması nəzərdə tutulur.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.
report.az