Son illərdə Özbəkistan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter alaraq neft və qaz, elektroenergetika, bərpa olunan enerji mənbələri və neft-kimya kimi sahələri əhatə edir. İki ölkə arasında geoloji kəşfiyyat, enerji resurslarının tranziti və "yaşıl enerji"nin inkişafı sahəsində birgə layihələr həyata keçirilir, həmçinin milli şirkətlər arasında tərəfdaşlıq əlaqələri gücləndirilir.
SOCAR “Özbəkneftqaz” ilə perspektiv əməkdaşlıq imkanlarını müzakirə edib
Özbəkistanın energetika naziri müsahibəsində Jurabek Mirzamahmudov cari təşəbbüslər, birgə iri investisiya layihələri və enerji sahəsində əməkdaşlıq perspektivləri barədə danışıb.
FED.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini necə xarakterizə edərdiniz?
- İlk növbədə qeyd etmək istərdim ki, liderlərimiz sayəsində Özbəkistan və Azərbaycan arasında münasibətlər yüksək səviyyəyə çatıb. Prezidentlərimiz arasındakı bu etibarlı qarşılıqlı əlaqə formatı iki ölkənin nazirlikləri və şirkətləri arasında bütün istiqamətlər üzrə əməkdaşlığın aktivləşməsinə kömək edib.
Azərbaycan şirkətləri ilə əvvəllər əsasən ticarət və logistika sahəsində əməkdaşlıq edirdiksə, indi artıq birgə investisiya layihələri müzakirədədir. Bunların arasında perspektivli Ustyurt yaylasında geoloji kəşfiyyat işlərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirak etməsi var. Bundan əlavə, Özbəkistan, Azərbaycan və Qazaxıstan tərəfindən Avropaya "yaşıl enerji" təchizatı üçün elektrik xətlərinin çəkilməsi və istismarı üzrə birgə müəssisə yaradılıb. Bu layihə üzrə artıq praktiki addımlar atılmağa başlayıb və təşəbbüsə digər beynəlxalq oyunçular da maraq göstərirlər. Xüsusilə, layihəyə COP29-da Səudiyyə Ərəbistanı da qoşulub.
Eyni zamanda, kadrların hazırlanması, təcrübə mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdiririk. Perspektivdə neft-qaz kimyası SOCAR və digər tərəfdaşlarla qarşılıqlı fəaliyyətin daha bir əsas istiqaməti olacaq. Bununla belə, əməkdaşlığımız geoloji kəşfiyyat və hasilatdan tutmuş emal və bərpa olunan enerjinin inkişafına qədər bütün sahələri əhatə edir.
- Yaxın zamanda Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Ustyurt rayonu üzrə Hasilatın Pay Bölgüsü Sazişini (HPBS) imzalayıblar. Geoloji kəşfiyyat işlərinə nə vaxt başlanacaq və tərəflərin bu layihədə payları necədir?
- Bu, daha əvvəl əsasən qaz hasil edilən bölgədə ən perspektivli istiqamətlərdən biridir. SOCAR bütün mövcud materialları araşdırdıqdan sonra neft ehtiyatlarının kəşfiyyatına maraq göstərib. İmzalanmış HPBS çərçivəsində artıq operator yaradılıb. İndi operator müqavilə üzrə bütün zəruri danışıqlara başlayıb.
Qarşımızda iddialı bir vəzifə dayanır - işlərin başlanmasını sürətləndirmək. Artıq cari ilin sonuna qədər 3 000 paqon kilometrdən çox həcmdə seysmik kəşfiyyat işlərinin həyata keçirilməsinə başlamaq nəzərdə tutulur. Bu işlərin nəticələrinə əsasən ilk quyunu qazmağı planlaşdırırıq.
Pay bölgüsü standartdır – 50 % dövlətə və 50 % investorlara məxsusdur. İnvestorlar qismində SOCAR və "Özbəkneftqaz" çıxış edir. BP şirkəti layihəyə maraq göstərib, onunla ilkin danışıqlar aparılır. Bütün kommersiya şərtləri - hasilatın bölgüsü, vergitutma və s. sazişdə qeyd olunub.
- Yol xəritəsində geoloji kəşfiyyatın başlanğıcından mümkün ilk hasilata qədər hansı vaxt çərçivələri müəyyən edilib?
- İlk üç il üçün seysmik kəşfiyyat, qazma və ilkin nəticələrin əldə edilməsi planlaşdırılıb. İlk hasilatı əldə etmək üçün lazımi infrastrukturun tikintisi nəzərə alınmaqla üç ildən beş ilə qədər vaxt tələb olunacaq.
- Bu bloklarda əvvəllər geoloji və ya seysmik kəşfiyyat işləri aparılıb? Arxiv məlumatları SOCAR-a təqdim olunub?
- Bu sahələrdə birbaşa qazma işləri aparılmayıb, lakin qonşu ərazilərdə həyata keçirilib. SOCAR bizim təqdim etdiyimiz tarixi məlumatları öyrəndikdən sonra layihədə iştirak etmək qərarına gəlib. Texnologiyalar əhəmiyyətli dərəcədə irəliləyib. Əgər ötən əsrin 70-ci illərdə Ustyurt regionunda böyük kəşflər gözlənilmirdisə, indi müasir interpretasiya metodları yüksək potensial göstərib. Bu, digər analitik şirkətlərin də tədqiqat nəticələri ilə təsdiqlənir.
- Layihəyə ümumi investisiya məbləği 2 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Neft və qaz ehtiyatları ilə bağlı ilkin qiymətləndirmələr varmı?
- Mən tələsmək istəməzdim, çünki bu məlumatlar HPBS-nin kommersiya hissəsinə aiddir. Lakin ilk növbədə SOCAR-ın mütəxəssisləri neftlə bağlı yaxşı göstəricilər proqnozlaşdırırlar. Proqnozlar təsdiqlənərsə, biz paralel olaraq neft emalı zavodunun (NEZ) tikintisi üzrə işlərə başlayacağıq.
- Layihəni ilk mərhələdə hansı şirkət maliyyələşdirir?
- Əksər HPBS-lərdə olduğu kimi maliyyələşdirmə investorlar konsorsiumu - SOCAR və "Özbəkneftqaz" tərəfindən təmin edilir. Eyni zamanda, artıq qeyd etdiyim kimi SOCAR-ın tarixən yaxşı münasibətlər qurduğu BP şirkətinin iştirakı da nəzərdən keçirilir.
- Özbəkistan "Şahdəniz" yatağının işlənməsi layihəsində iştirak marağını saxlayırmı və bu istiqamətdə konkret addımlar atılırmı? Bundan əlavə, Azərbaycanla "Abşeron", "Azəri-Çıraq-Günəşli", "Ümid-Babək" kimi digər böyük yataqlarda əməkdaşlıq imkanları nəzərdən keçirilirmi?
- Belə perspektivləri istisna etmirik. Lakin hazırda əsas diqqətimiz bir çox yataqlarımızın ehtiyatları tükəndiyi üçün öz hasilatımızı artırmağa yönəlib. Uzunmüddətli perspektivdə sadəcə Azərbaycanda deyil, gələcəkdə başqa ölkələrdə də SOCAR-la birlikdə layihələr həyata keçirmək planları istisna edilmir. Çünki bu gün şirkətlərimiz arasında münasibətlər çox yüksək səviyyədə qurulub. Bu, uzunmüddətli əsasda olacaq.
- Xəzər dənizindən keçən sualtı HVDC kabeli üçün texniki tapşırığın və iqtisadi əsaslandırmanın hazırlanması hansı mərhələdədir? Resurs bazasının formalaşdırılması üçün paralel olaraq hansı işlər görülür? Özbəkistan hazırda nə qədər "yaşıl enerji" istehsal edir və onun ixraca hansı həcmdə yönəldilməsi planlaşdırılır? İxrac potensialının 2030-cu ilə qədər hansı səviyyəyə çatdırılması nəzərə tutulur?
- Biz artıq Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə birgə müəssisə yaratmışıq. Asiya İnkişaf Bankı ilə birlikdə hazırda beynəlxalq standartlara uyğun texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün məsləhətçi seçirik.
Layihəyə Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ölkələr də maraq göstərir. Texniki nöqteyi-nəzərdən sualtı kabelin çəkilməsi çətinlik yaratmır. Dünya təcrübəsi bunu həyata keçirməyə imkan verir. Bununla paralel elektrik enerjisinin potensial alıcıları və investorlarla da iş aparırıq.
Bu gün Özbəkistanın enerji balansında bərpa olunan enerji mənbələrinin payı 20 %-i keçir. 2030-cu ilə qədər bunu 54 %-ə çatdırmağı planlaşdırırıq. Təkcə Ustyurt regionunda ümumi gücü 2,5 GVt-dan çox olan layihələr, əsasən külək stansiyaları həyata keçirilir. İlk 100 MVt artıq istismara verilib. Perspektivdə ümumi gücü azı 5 GVt olan hibrid qurğular yaratmağı planlaşdırırıq.
- Layihə çərçivəsində faktiki elektrik enerjisi təchizatı nə vaxt başlaya bilər?
- Bu, texniki iqtisadi əsaslandırma başa çatdıqdan sonra məlum olacaq. Həyata keçirilməsi üzrə müddətlər beynəlxalq məsləhətçilər tərəfindən layihənin marşrutu və texniki parametrlərindən asılı olaraq müəyyən ediləcək.
- Azərbaycan şirkətlərinin iştirakı ilə neft və qazın emalı, həmçinin neft-kimya məhsullarının istehsalının lokallaşdırılması imkanı nəzərdən keçirilirmi?
- Bəli, şübhəsiz. Neft ehtiyatları təsdiqləndiyi təqdirdə, növbəti mərhələ neft emalı zavodunun tikilməsi olacaq. Bundan əlavə, aşağı tonnajlı kimya layihələri fəal şəkildə işlənib hazırlanır. Biz SOCAR və digər tərəfdaşlarla əməkdaşlığa açığıq.
- Gələcək layihələr üçün sahələr artıq müəyyən edilib?
- Buxara, Qaraqalpaqstan və Xarəzmdə xüsusi sənaye iqtisadi zonalarımız var. Bunlar infrastruktur və logistika baxımından ən perspektivli sahələr hesab edilir.
- Neft-kimya məhsullarının və ya karbohidrogenlərin üçüncü ölkələrə, məsələn Türkiyəyə, Qazaxıstana, Macarıstana və ya Çinə ixracı üçün birgə müəssisənin yaradılması müzakirə olunurmu?
- Bu artıq müzakirə edilmir, layihə həyata keçirilir. "SOCAR Trading" ilə birgə artıq qaz-kimya, xüsusilə polimer məhsullarının satışını həyata keçirən bir müəssisə yaradılıb. Hazırda neft məhsulları və gübrələr sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.
SOCAR-ın ticarətdə zəngin təcrübəsini və Azərbaycanın Orta Dəhlizin bir həlqəsi kimi strateji əhəmiyyətini nəzərə alaraq biz bu istiqaməti fəal şəkildə inkişaf etdirmək niyyətindəyik. (Report)












