Ötən il dünyada gündəlik 500 min günəş enerjisi batareyasının quraşdırılması nəticəsində "təmiz" elektrik enerjisi mənbələri rekord səviyyədə artaraq ümumilikdə kömürdən alınan enerji gücünü ötüb. Beynəlxalq Energetika Agentliyindən (İEA) xəbər verilir ki, 2015-ci ildə Çin kimi ölkələrdə hər saat 2 külək turbini işə salınıb ki, bu da İEA-nın bərpa olunan enerjidən istifadə ilə bağlı artım proqnozlarını dəyişdirməyə məcbur edib.
"Dünya elektrik enerjisi bazarında transformasiyanın şahidi oluruq. Bu, günəş batareyaları və külək turbinlərinin qiymətinin azalması ilə əlaqədardır. Belə ki, 2010-2015-ci illərdə külək turbinlərinin qiyməti 30%, günəş batareyalarının qiyməti isə 60%-dən çox azalıb", - deyə İEA-nın icraçı direktoru Fatih Birol bildirib. Agentliyin proqnozlarına görə, növbəti 5 il ərzində külək turbinləri daha 15%, günəş batareyaları isə 25% ucuzlaşacaq.
İEA-nın hesabatına görə, 2015-ci ildə rekord həcmdə - 153 GVt "yaşıl" enerji obyekti quraşdırılıb ki, bu da Kanadanın ümumi elektrik enerjisi gücündən çoxdur. Ötən il kömürlə işləyən elektrik stansiyaları qlobal enerjinin 39%-ni, bərpa olunan mənbələr isə (bura SES-lər də daxildir) 23%-ni təmin edib. Belə ki, günəş və külək enerjisi qurğularının gücü kömürlə işləyən elektrik stansiyalarından çox olsa da, onlar davamlı şəkildə elektrik ötürə bilmir.
Buna baxmayaraq, EİA hesab edir ki, 2021-ci ilə qədər bərpa olunan enerjinin bazar payı 28%-ə qədər artacaq.