Səudiyyə Ərəbistanında dövlət neft şirkəti Saudi Aramco-nun özəlləşdirilməsi ilə bağlı işlər davam edir.
FED.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkət rəhbərliyi özəlləşdirmənin 2018-ci ilin ikinci yarısında həyata keçiriləcəyini bildirsə də, deyəsən hökumətin planlarında müəyyən dəyişikliklər var. Belə ki, Saudi Aramco-nun səhmlərinin açıq satışı bir neçə ay yubana və 2019-cu ildə başlana bilər. Hazırda hökumət mümkün gecikmə planı üzərində işləyir.
Saudi Aramco şirkətindən verilən son rəsmi məlumata görə, səhmlərin satışa çıxarılması gündəmdə olan əsas məsələdir. “Hökumət və şirkət rəhbərliyi IPO-nun əvvəlcədən nəzərdə tutulmuş vaxtda baş tutması üçün əlindən gələni edir. Bununla bağlı bütün işlərin ən yüksək standartlara uyğun şəkildə həyata keçirilməsi qarşıya qoyulan başlıca məqsədlərdən biridir”.
Ekspertlərin fikrincə, bu IPO-nun tarixdə ən böyük səhm satışı olacağını güman etmək olar. Odur ki, mümkün gecikmə təbii hal kimi qəbul edilməlidir. Proseslə bağlı görüləsi işlər həddindən artıq çoxdur. Bir sıra vacib qərarlar hələ də qəbul edilməyib.
Məsələn, səhmlərin Ər-Riyad fond birjasından başqa, daha hansı meydançada – Nyu York, yoxsa Londonda satışa çıxarılacağı, müvafiq olaraq, hansı valyuta ilə satılacağı hələ də bilinmir. Ehtimal ki, bu barədə yekun qərar oktyabr ayında Ər-Riyadda keçiriləcək investisiya konfransı zamanı elan olunacaq. Sözügedən qərarın gecikməsi həm də şirkətin qiymətləndirilməsi ilə bağlı işlərin yubanmasına səbəb olur.
Neft qiymətləri də Saudi Aramco-nun dəyərinə ciddi təsir göstərir. Hökumətin qiymətləndirməsinə görə, hazırda şirkət 2 trilyon dollar dəyərindədir. Hərçənd, analitiklər, o cümlədən Sanford C. Bernstein & Co.və Rystad Energy AS kimi şirkətlərin ekspertləri daha aşağı rəqəmlər səsləndirirlər. Əgər hökumətin mövqeyini əsas götürsək, o zaman Saudi Aramco-nun satışa çıxarılacaq 5%-lik səhm payının dəyəri 100 milyard dollar olacaq ki, bu da indiyədək ən böyük IPO sayılan 2014-cü ildə Alibaba Group Holding Ltd.-nin 25 milyardlıq səhm satışını 4 dəfə üstələyəcək.
Qeyd edək ki, Saudi Aramco-nun özəlləşdirilməsi vəliəhd Məhəmməd İbn Salman tərəfindən ölkə iqtisadiyyatının neft asılılığından qurtulması məqsədilə irəli sürülmüş Vision 2030 strateji proqramının tərkib hissəsidir. Hazırda JPMorgan Chase & Co., Morgan Stanley, HSBC Bank Plc, Moelis & Co. və Evercore Partners Inc. şirkətləri IPO prosesi üzrə Saudi Aramco-nun əsas məsləhətçiləridir. Səudiyyə Ərəbistanı neft nazirliyinin bu işlə bağlı məsləhətçisi isə Maykl Kleyn adlı Uoll-Stritli azad ekspertdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Dövlət neft şirkəti özəlləşdiriləcək
14:38
14 Sen 2017