Donald Tramp administrasiyası Shell və BP şirkətlərinin Venesuela sahillərində qaz çıxarmaq üçün aldıqları lisenziyaları ləğv edib.
ADB: Neftin qiyməti azalsa da, 2025-2026-cı illərdə 70 dollardan yuxarı olacaq
Bu qərar Trinidad və Tobaqo üçün ciddi iqtisadi nəticələrə səbəb ola bilər, çünki bu qaz ölkənin əsas qaz-maye çevirmə zavodu olan Atlantic LNG-yə ötürülməli idi.
Shell-in Dragon, BP-nin isə Cocuina-Manakin adlı qaz yataqları Venesuela ilə Trinidad və Tobaqo hökumətlərinin əməkdaşlığı ilə işlənməli idi. Qaz borularla Trinidad və Tobaqoya gətiriləcək, orada BP və Shell-in də pay sahibi olduğu zavodda mayeləşdirilərək ixrac olunacaqdı.
ABŞ bu qərarla Venesuela prezidenti Nikolas Maduronu təzyiq altına almaq istəyir. ABŞ onu yanvar seçkilərində saxtakarlıqda ittiham edir və Maduro hökumətinə qarşı sanksiyalar tətbiq edir.
Trinidad və Tobaqonun Baş naziri Stüart Yanq deyib ki, bu qərar onların planlarına mənfi təsir edəcək və ABŞ ilə danışıqlar aparacaqlar ki, qərar yenidən nəzərdən keçirilsin. Son aylarda ABŞ Chevron, Repsol və Eni kimi başqa enerji şirkətlərinə də eyni məhdudiyyətlər tətbiq edib. Bu şirkətlərə may ayının sonuna qədər Venesueladakı fəaliyyətlərini dayandırmaq tapşırılıb. Maduro isə buna cavab olaraq fövqəladə iqtisadi rejim elan edib, bəzi vergiləri dayandırıb və yerli məhsulların idxal əvəzinə alınmasını məcburi edib.
Trinidad və Tobaqo 2023-cü ildə 3,6 milyard dollarlıq LNG ixrac edib. Shell isə Dragon yatağında qaz hasilatına 2026-2027-ci illərdə başlamağı planlaşdırırdı. Bu qərar BP və Shell-in Karibdə genişlənmə planlarını çətinləşdirir, həm də Trinidad və Tobaqonun enerji təhlükəsizliyini sual altına salır.