"Çin neft qiymətlərini davamlı olaraq müəyyən bir səviyyədən aşağı saxlamağa çalışacaq"
Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) sədri Oğuzhan Akyener, Şanxay Beynəlxalq Enerji Birjasında (INE) Çinin yerli pul vahidi ilə (yuan) ticarət olunacaq neftin, qlobal bazarlar üzərindəki mümkün təsirlərini qiymətləndirib.
FED.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Çinin bu neft həmləsinin qısa müddətdə mövcud bazarlar üzərində önəmli bir təsirinin olmayacağını dilə gətirən Akyener, "Ancaq gələcəkdə INE-dəki əməliyyat həcminin yüksəlməsilə yuan fyuçerslərinin neft qiymətləri üzərindəki təsiri də artacaq. Çin neft qiymətlərini davamlı olaraq müəyyən bir səviyyənin altında saxlamağa çalışacaq. Bunun üçün orta hesabla bir neçə ilə ehtiyac var",- deyib.
Akyener, neft qiymətlərindəki dəyişikliklərin ABŞ dollarının məzənnəsi ilə tərs mütənasib olduğunu, gələcək dövrdə INE sayəsində, dolların neft qiymətləri üzərindəki təsirinin də əhəmiyyətli dərəcədə azalacağını qeyd edib.
INE-nin artan, güclənən və yeni dünya nizamı qurmaq istəyən Çinin mühüm addımlarından biri olduğuna işarə edən Akyener, belə deyib:
"Bu həmlə idxal həcmi nəzərə alındıqda, Çinin milli enerji təhlükəsizliyi baxımından etməsi gözlənilən bir gedişdi. Çin uzun müddətdir üzərində işlədiyi bu layihə ilə Dubay, Oman, Masila (Yəmən), İran, Qətər, Upper Zakum (BƏƏ) və Shangli (Çin) neft növləri olmaq üzrə 7 qravitasiyada satış edəcək. Beləliklə, bu birjada, həm yerli pul vahidilə ticarət imkanı əldə olunacaq, həm də gələcək baxımından qiymətlərin sabitləşdirilməsi əməliyyatları aparılacaq. Digər tərəfdən, Türkiyənin də bu prosesləri yaxından təqib edib, Şanxay Əməkdaşlıq Təşkilatı Enerji Klubundakı mövqeyini istifadə edərək özünə imkanlar yaradacaq həmlələr planlaşdırması lazımdır"
ÇİN GÜNDƏLİK 9 MİLYON BARREL NEFT İDXAL EDİR
Akyener, "Dünyanın ən böyük xam neft idxalçısı Çinin bu birja ilə ticarət həcmini artırmağı və neftə qiymət qoymağı hədəfədiyini bildirib.
Çinin hazırda gündəlik 8-9 milyon barrel neft idxalı olduğuna diqqəti çəkən Akyener, bunları qeyd edib:
"INE-də yuan ilə başlanmış neft fyuçersləri uzun perspektivdə qlobal bazarda qiymət baxımından üstünlük yaradacaq. Çin neft sahəsində də addım-addım dünya liderliyini ABŞ-ın əlindən almağa başladı. Çin milli neft şirkəti, idxal miqdarının 2018-də gündəlik 12 milyon barrelə, 2030-da isə bu miqdarın günlük 18 milyon barrel səviyyələrinə çatacağını təxmin edir. Çinin yalnız öz idxal müqavilələrini bu birja üzərindən işə salması da qlobal bazarlar üzərində ciddi effekt yaradacaq. Qlobal bazarda neft satış həcminin gündəlik 96 milyon barrel həcmində olduğu düşünülsə, Çin indidən bu həcmin 10%-ni əlində tuta bilər. Şərait yaransa, Rusiya, Hindistan, İran, Cənubi Çin Dənizi ölkələri və bəzi Yaxın Şərq və Afrika ölkələrinin də iştirakı ilə uzun perspektivdə INE, Brent və Qərbi Texas növü (WTI) ilə rəqabət edə biləcək mövqeyə gələ bilər".