Səngəçal terminalında Cənub Qaz Dəhlizinin 29 may tarixində Azərbaycan Prezidenti tərəfindən rəsmi açılışı və işə salınması Ulu Öndər Heydər Əliyev cənablarının yaratdığı neft strategiyasının təntənəsinin nəticəsidir. Bu gün Cənub Qaz Dəhlizi layihəsi geosiyasi kontekstdə Azərbaycanın ən böyük nailiyyətidir. Bir düymənin işə salınması ilk qazın Cənubi Qafqaz Dəhlizinə verilməsi nəinki ölkəmizin, eyni zamanda 11 ölkənin və digər xarici şirkətlərin uğurudur.
Cənub Qaz Dəhlizi dünyanın ən böyük layihələrindən biri olaraq Azərbaycanı Avropaya birləşdirir. Bu layihənin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın siyasi və iqtisadi xəritəsində böyük dəyişikliklərə gətirib çıxaracaq. Rumıniya və Türkmənistanın nümayəndə heyətlərinin bu toplantıda iştirakı layihəyə böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Ölkə Prezidenti İlham Əliyevin cəsarətli və qabaqlayıcı siyasi addımlarının və iqtisadiyyatda aparılan köklü dəyişikliklərin bariz nəticəsi olaraq Azərbaycan iqtisadiyyatına son 15 ildə 150 milyard dollarlıq investisiya qoyulmuşdur. Belə bir həcmdə investisiya qoyuluşundan yararlanan Azərbaycan, eləcə də qlobal layihələrin iştirakçısı olan Türkiyə və Gürcüstan dövlətləri böyük divident əldə etdiyi halda, Cənubi Qafqaz regionunun ən zəif ölkəsi olan təcavüzkar Ermənistan təbii ki, bu layihələrdən yararlanmağı bacarmamış, əksinə, ölkə ciddi şəkildə siyasi və iqtisadi böhrana məruz qalmış, işsizliyin və yoxsulluğun səviyyəsi pik həddinə çatmışdır.
Ölkə Prezidenti xüsusilə qeyd edir ki, Avropanın enerji xəritəsi yenidən tərtib ediləcək. Bu layihənin reallaşdırılması ölkəmiz üçün böyük imkanlar açır. Belə ki, son illərdə ölkə iqtisadiyyatı 3 dəfədən çox böyümüş, ölkənin valyuta ehtiyatları 42 milyard dollara yaxınlaşmışdır. Son 15 ildə işsizlik səviyyəsi 5%, yoxsulluq səviyyəsi isə 5,4%-ə düşmüşdür. Bu onu göstərir ki, Azərbaycan höküməti bir neçə illik ehtiyacların ödənilməsi ilə bağlı ehtiyat yastığına malikdir. Həmin nəticələrin əldə olunmasında dövlət başçısının apardığı uzaqgörən və səmərəli strateji xətt mühüm rol oynayır. Həmçinin Avropa ölkələri ilə uğurlu tərəfdaşlıq, ABŞ kimi nəhəng super dövləti və Birləşmiş Krallıq hökümətləri tərəfindən neft-qaz layihələrinə verilən güclü dəstək böyük əhəmiyyətə malikdir.
Qlobal layihələr, xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz və Cənubi Qaz Dəhlizi layihələri regionumuzda beynəlxalq əməkdaşlığın güclənməsinə, iqtisadi sabitliyin təmin olunmasına və sülhün bərqərar olunmasına şərait yaradır. Mənfur qonşularımız və onların havadarları regionda baş verən belə qlobal hadisələrdən nəticə çıxarmalı, öz xalqının gələcəyini düşünməlidir. Bu bir faktdır ki, dünyanın aparıcı maliyyə institutlarının və şirkətlərinin maliyyə dəstəyi olmadan qlobal layihələrin həyata keçirilməsi mümkünsüz olardı.
Hazırda inkişaf etmiş ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdə, rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. Bu ölkəmizin neft və qaz amili ilə dəstəklənən ölkə Prezidentinin uğurlu iqtisadi siyasətinin göstəricisi və uğurlu siyasətin nəticəsidir.
Bu gün Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Sərgi sahəsinin 40%-ni 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Bu bir daha təsdiq edir ki, ölkəmiz nəinki regional olaraq güclü dövlətdir, həmçinin o, öz növbəsində Avrasiya zonasının inkişafına da xüsusi töhfələrini verərək, regionda sağlam əməkdaşlıq və tərəfdaşlıq formalarına prioritet və özünəməxsus yanaşma nümayiş etdirir.
İqtisadçı alim Zakir ZEYNALOV
Cənub Qaz Dəhlizi – Avropaya yaşıl, Ermənistana isə qırmızı işıq yandırdı
15:15
30 May 2018