Bu ilin yarım ili ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əməliyyat xərclərinə, təqribən, 55 mln ABŞ dolları xərclənib.
FED.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatında qeyd edilib.
Məlumata görə, bu, 2018-ci ilin yarım ilinin göstəriciləri ilə müqayisədə 6mln dollar və ya 9,8% azdır.
Bu ilin birinci yarım ilində boru kəmərinin fəaliyyəti üzrə əsaslı xərclərə isə təqribən 12 mln dollar xərclənib ki, bu da 2018-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 1 mln dollar və ya 7,7% azdır.
Birinci yarım il ərzində isə BTC vasitəsilə təqribən 16 mln ton (120 mln bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 149 tankerə yüklənib. Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1 mln ton və ya 5,9% azdır.
1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin birinci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 432 mln tondan artıq (3,2 mlrd bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4 234 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Chevron” (8,90%); “Equinor” (8,71%); TPAO (6,53%); “Eni” (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.