Böyük Britaniyanın BP şirkəti 2025-ci ildə dünyada neftə gündəlik tələbatın 102 milyon barel təşkil edərək pik həddə çatacağını ehtimal edir. Eyni zamanda, külək və günəş elektrik stansiyalarının istehsal etdiyi enerjinin həcmi əhəmiyyətli dərəcədə artacaq.
Azərbaycan neftin hasilatını 5%-dən çox azaldıb
FED.az xəbər verir ki, bu barədə BP-nin illik hesabatının “Energy Outlook” yeni buraxılışında deyilir.
BP analitikləri qlobal enerjinin inkişafı üçün iki - biri cari tendensiyalara uyğun, digəri isə CO2 emissiyalarının səviyyəsinin 2050-ci ilə qədər sıfır olacağı (Net Zero) ssenarini nəzərdən keçirirlər.
Qlobal enerji sektorunda mövcud tendensiyalar davam edərsə, ilkin enerji mənbələrinə tələbat 2030-cu illərin ortalarına qədər artacaq, sonra isə bütövlükdə sabitləşəcək. Belə ki, inkişaf etməkdə olan ölkələrdə enerji istehlakının artımı inkişaf etmiş ölkələrdə və Çində tələbatın azalması ilə kompensasiya ediləcək. Bu vəziyyətdə enerjiyə tələbat 2022-ci ilə nisbətən 2050-ci ilə qədər 5 faiz artacaq. Sıfır emissiya ssenarisinə əsasən, enerjiyə tələbat artıq bu onilliyin sonundan etibarən aşağı düşməyə başlayacaq və nəticədə 2050-ci ildə 2022-ci il səviyyəsindən 25 faiz aşağı olacaq.
BP analitiklərinin fikrincə, neft istehlakı istənilən ssenari üzrə 2025-ci ildən sonra azalacaq. Yeganə fərq tələbatın azalması dərəcəsindədir. Belə ki, bazarda cari vəziyyətə uyğun olaraq neftə tələbat 2050-ci ilə qədər gündəlik 75 milyon barelə, sıfır emissiyaya nail olmaq üçün lazımi şərtlər yerinə yetiriləcəyi təqdirdə isə tələbat 25-30 milyon barelə qədər düşəcək.
Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər qaza tələbat əsasən inkişaf etməkdə olan ölkələr hesabına təxminən üçdə bir qədər artacaq. “Net Zero” ssenarisinə görə isə istehlakın həcmi, əksinə, ilk növbədə, inkişaf etmiş iqtisadiyyatların alternativ enerji mənbələrinə kütləvi şəkildə keçidi hesabına iki dəfə azalacaq.
Külək və Günəşdən alınan enerji həcmləri mövcud ssenarilər üzrə 2050-ci ilə qədər təxminən 8 dəfə, xalis sıfır emissiyaya nail olunarsa 14 dəfə artacaq. (Azərtac)