BP Azərbaycan şirkəti 2020-ci ilin birinci rübünün yekunları üzrə Biznes əməliyyatları hesabatını dərc edib.
Eləcə də bax: "BP Azərbaycan"ın əməkdaşları da - EVDƏN İŞLƏYİR
FED.az hesabatı təqdim edir.
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2020-ci ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 150 milyon dollar əməliyyat məsrəfləri və 522 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.
Rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində inşa olunan platformanın üst modullarının, o cümlədən qazma modulunun, quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsindı davam etmişdir, lakin rübün sonuna yaxın pandemiyanın yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmuş və bu da tikini işlərində fasilələrlə nəticələnmişdir. Yaşayış blokunun inşası İsveçdə davam etmişdir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunan dayaq blokunun tikintisi də irəliləmişdir. Dayaq bloku payalarının quraşdırılması artıq başa çatmışdır və bu ilin sonlarına yaxın payaların dənizdə quraşdırılması planlaşdırılır. Dərin Özüllər Zavodunun tikinti sahəsində sualtı qurğuların inşası başlanmışdır, sualtı boruların örtüklənməsi işləri Xəzər Boru Örtüklənməsi - “Caspian Pipe Coating (CPC)”, müəssisəsində davam etmişdir.
Hasilat
Birinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (39 000), Mərkəzi Azəri (136 000), Qərbi Azəri (125 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (51 000) platformalarından birlikdə – gündə orta hesabla 524 000 barel və ya ümumilikdə təxminən 48 milyon barel, yəni 6,4 milyon tondan artıq olub.
Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Rüb ərzində AÇG-də 4 neft hasilat quyusu qazılmışdır.
Səmt qazı
2020-ci ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalı
Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir.
Rüb ərzində terminal təqribən 66 milyon barel neft və kondensat, o cümlədən 58 milyon barelə yaxın Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 800 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 3 milyon dollar xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 455 milyon tondan artıq (3,41 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4457 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Rüb ərzində isə BTC vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 76 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).
Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə 219 milyon dollara yaxın əməliyyat xərcləri və 219 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.
İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 4,7 milyard standart kubmetr qaz və 1 milyon ton (7,7 milyon barel) kondensat hasil edilmişdir.
2018-ci ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
İlin birinci rübü ərzində Şahdəniz 2 komandası sualtı quraşdırma işlərini , o cümlədən 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işlərini davam etdirib. Qaz hasilatını planlaşdırılan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə Xankəndi sualtı tikinti gəmisi və İsrafil Hüseynov borudüzmə gəmisi vasitəsilə sualtı qurğuların daşınması və quraşdırılması işləri davam edəcək.
Qazma əməliyyatları
Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal qazma qurğusu SDC05 sualtı quyusunun alt hissəsini qazmağa başlayıb. Maersk Explorer qurğusu SDF04 quyusunda qazma işlərini davam etdirib.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)
İlin birinci rübündə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat xərcləri və təqribən 2 milyon dollar əsaslı xərclər sərf edilib.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.
Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,6 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanmışdır. Qazma işləri bitdikdən sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.
D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatmışdır. Əldə edilmiş məlumatların emalına başlanmışdır və bunun ardınca məlumatların interpretasiyası aparılacaq. İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun planlaşdırılması başlanacaq.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra gələn ilin əvvəllərində başlamaq nəzərdə tutulur.
İşçi heyətimiz
Birinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2517 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2020-ci ilin birinci rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1 milyon dollar xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.