BP öz adından Azərbaycana adaptiv strateji idarəetmə üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən üçillik sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib.
BP-dən FED.az-a verilən məlumata görə, layihənin əsas məqsədi yerli idarəetmədə strateji dəyişikliklərə çevik reaksiya vermək, innovasiyalara və transformasiyalara uyğunlaşmaq bacarıqlarını formalaşdırmaqla bu sahədəki cari tələbatı qarşılamağa dəstək vermək idi. Layihə məhz yerli təşkilatların bu sahədə rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək üçün nəzərdə tutulmuşdu.
Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramı (ASEP) əsasında ADA Universitetində həyata keçirilib. Təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin nəzdində yerləşən və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilatlardan olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış və sertifikatlaşdırılmış biznes təhsili üzrə kurrikuluma əsaslanıb. Duke CE bu proqramı ABŞ-ın insan resursları üzrə aparıcı konsultant şirkətlərindən biri olan və liderliyin inkişafı üzrə ixtisaslaşan “Korn Ferry” ilə tərəfdaşlıqda hazırlayıb və həyata keçirib.
Proqramı bitirdikdən sonra bütün uğurlu iştirakçılar Dyuk Universitetinin Fuqua Biznes Məktəbindən sertifikatlar alıblar.
Layihənin uğurla tamamlanması münasibətilə dünən ADA Universitetində tədbir keçirilib.
“Biz çox məmnunuq ki, Azərbaycanda ilk dəfə olaraq yerli təşkilatların dəyişən biznes mühitinə cəld uyğunlaşmasına kömək üçün nəzərdə tutulmuş ASEP proqramını ölkəyə gətirmişik. Bu, ilk növbədə təşkilatların fəaliyyət davamlılığı üçün önəmlidir. Eyni zamanda bu onların rəqabət üstünlüklərini qoruyub saxlaması üçün öz planlarını və strateji hədəflərini uğurla həyata keçirmələri üçün önəmlidir. İnanırıq ki, ASEP proqramının məzunları əldə etdikləri bacarıq və biliklərlə fəaliyyət göstərdikləri biznes mühitini daim qiymətləndirmək və mürəkkəb strateji dəyişikliklərə çevik reaksiya vermək üçün lazımi səriştələrə tam yiyələniblər. Bu sahədə yerli potensialın yaradılmasında verdikləri töhfəyə görə iki aparıcı universitetə - ADA Universitetinə və Dyuk Universitetinə təşəkkürümüzü bildiririk”, - tədbirdə iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib.
Layihə ADA Universiteti ilə tərəfdaşlıqda “Korn Ferry” təşkilatı (keçmiş “TwentyEighty Strategy Execution”) tərəfindən icra edilib. Layihənin dəyəri təxminən 1,5 milyon AZN (882 000 ABŞ dollarından çox) təşkil edib və buraya bp və tərəfdaşlarının iştirakçıların təhsil haqqı ödənişlərinə dəstəyi də daxildir.
Qeyd edək ki, bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 mlrd. dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 105 mln. ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda BP şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.