«Biz indi bir neçə ölkə ilə enerji sahəsində danışıqlara başlamışıq. O ölkələr ki, əvvəllər bizim tərəfdaşlarımız deyildi».
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yanvarın 10-da telekanallara müsahibəsində bildirib.
Dövlət başçısı bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə yaranan yeni vəziyyət Azərbay can qazına tələbatı kəskin artırıb.
«Rusiya-Ukrayna müharibəsinə qədər nəzərdə tutulmuş bütün layihələr demək olar ki, plan üzrə gedirdi. Hər il Bakıda keçirilən “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin də uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Biz hesab edirdik ki, TANAP layihəsinin başa çatması faktiki olaraq bu sahədə bizim əsas işlərimizin də başa çatması deməkdir. Ondan sonra, sadəcə olaraq, mövcud infrastrukturdan istifadə edərək öz qaz resurslarımızı ixrac etməliyik».
Amma müharibədən sonra Azərbaycana qaz almaq üçün müraciciət edən ölkələrin sayı kəskin artıb.
«Gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq. Baxın görün, Rumıniya tərəfinin xahişi əsasında artıq yanvar ayından biz Rumıniyaya qaz ötürməyə başlamışıq. Çünki il ərzində Rumıniyanın energetika naziri iki dəfə Azərbaycana gəlmişdi və ilin sonunda mənim Rumıniyaya səfərim baş tutmuşdu. Bu arada bizim müvafiq qurumlarımız danışıqlar aparırdılar və interkonnektor artıq işə düşəndən sonra texniki imkan yaratdı».
Prezident bildirib ki, artıq 10-dək ölkə qaz almaq üçün Rəsmi Bakıya müraciət edib: «Mən indi vaxtından əvvəl nəyisə elan etmək istəmirəm, ancaq Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik».
İlham Əliyev xüsusi qeyd edib ki, Azərbaycan neft-qaz sahəsindəki addımlarını siyasətlə qarışdırmayıb:
«Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir. Nəzərə alsaq ki, bizim çox böyük resurs bazamız var, artıq infrastrukturumuz var və Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımız var, əlbəttə ki, diqqət Azərbaycan üzərinə yönəldilir. Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq».
Dövlət başçısı qeyd edib ki, məsələnin texniki tərəfi də önəmlidir: «Əlbəttə ki, texniki imkan olmadan biz qaz ixracatımızın coğrafiyasını genişləndirə bilmərik və texniki imkanlar Avropa məkanında bizim səlahiyyətimizin çərçivəsində deyil. Yəni, Avropa ölkələri özləri bunu edirlər və nə qədər çox bağlantı olarsa, bizim o qədər də çox potensial müştərilərimiz olacaqdır».