2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% artaraq 24,1 milyard kubmetr təşkil edib.
Azərbaycan qaz ixracını - 7,5 FAİZ ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
2023-cü ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, 6 ay ərzində qazın 6,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 13,2 milyard kubmetri “Şahdəniz”dən, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinədək AÇG-dən 209,9 milyard kubmetr, “Şahdəniz”dən isə 195,9 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 138,1 milyard kubmetrə qədəri ixraca nəql edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%) və NICO şirkətidir (10%).