“Əgər qaz sayğaclarının sıfırlanması bu il yanvarın 10-da olubsa, bir də gələn il yanvarın 10-da olacaq. Bu təqvim günü dəyişmir və aradakı müddət 365 gündür".
Eləcə də bax: Qaz sayğacları sıfırlanmayan abonentlər nə etməlidir? - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"Sayğacların sıfırlanması ilə bağlı konkret tarix yoxdur", - deyə o, qeyd edib.
"Bir çox ölkələrdə ilin bağlanması üçün düstur var. Məsələn, 10 günlük qaz sərfiyyatına və əvvəlki illərə nisbətən işlədilən qaz sərfiyyatına, havanın temperaturuna uyğun müəyyyən bir həcm seçilir və sayğacların oxunuşu keçirilmədən həmin həcm avtomatik olaraq fazada abunəçinin qaz sərfiyyatına qeyd olunur. Bunu bizdə tətbiq etmək narazılıq yarada bilər. Çünki həmin düsturun dəqiq tətbiqi üçün imkan yoxdur. Məsələn, ola bilər ki, ilin sonunda bizim abunəçilərin 1 000-i mənzildə olmasın. Bu zaman həmin düsturla qaz sərfiyyatının təyin edilməsi mümkün deyil. Narazılıq yarana bilər və vətəndaş deyə bilər ki, siz mən evdə olmayanda mənə artıq qaz sərfiyyatı yazmısız. Bu vaxt konflikt olacaq. Çünki sayğacın göstərici başqa olacaq, vətəndaşın əlindəki bildiriş başqa olacaq. Ona görə sayğacın oxunuşu başqa formada həyata keçirilir”, - deyə R.Əliyev əlavə edib.
Onun sözlərinə görə, əgər hər hansı ölkədə qaz sərfiyyatı üzrə aylıq limit varsa, bu o demək deyil ki, sayğac ayın 1-dən 1-nə oxunmalıdır: "2,4 milyon abunəçinin sayğacını bir günə oxumaq çətin məsələdir. Burda tək oxunuşdan söhbət getmir. Oxunuş həyata keçirildikdən sonra, onun proqram vasitəsilə 3-4 gün araşdırılması gedir ki, ola bilər ki, hansısa yerli satış üzrə çilingərimiz hansısa abunəçiyə həcmi düz yazmaz”.