“Qaz təchizatı” haqqında qanun layihəsi təkcə “Azəriqaz” üçün deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq.
FED.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov deyib.
Azər Məmmədov bildirib ki, “Azəriqaz” İB paylanma və pərakəndə satış funksiyalarını həyata keçirir: “Hazırda 2,6 milyondan çox abonentə birbaşa xidmət göstəririk. “Qaz təchizatı” haqqında yeni qanun layihəsinin qəbul edilməsi qaz sektorunda islahatların sürətləndirilməsi, aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm mərhələ olacaq. Bu sənəd yalnız “Azəriqaz” üçün deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq”.
Baş direktor qeyd edib ki, Avropa İttifaqı bu sahədə islahatlara hələ 1996-cı ildə başlayaraq enerji sektorunu mərhələli şəkildə modernləşdirib: “Sonuncu enerji paketi isə 2023-cü ildə qəbul edilib. Gürcüstan və Türkiyə kimi qonşu ölkələr də bu yanaşmadan bəhrələnərək qaz sektoruna investisiya axınını və sənayenin modernizasiyasını sürətləndiriblər. Azərbaycan da uzunmüddətli inkişaf strategiyası çərçivəsində bu sahədə ardıcıl addımlar atır və beynəlxalq təcrübəni nəzərə alaraq mövcud islahatları daha da dərinləşdirməyə çalışır. Qanun layihəsinin qəbulu isə bu istiqamətdə atılan mühüm addımlardan biri olmaqla, sistemli risklərin aradan qaldırılmasına, fəaliyyətimizin çevik, şəffaf və dayanıqlı əsaslar üzərində qurulmasına, sahənin orta və uzaq perspektivli inkişafının təmin edilməsi üçün zəruri hüquqi tənzimləmə bazasının formalaşdırılmasına imkan verəcək. Qaz şəbəkələrin bir hissəsinin fiziki köhnəlməsi onların mərhələli şəkildə yenilənməsini zəruri edir, lakin maliyyə resurslarının məhdudluğu prosesin daha sürətli icrasına mane olur”.
Azər Məmmədov bildirib ki, bu sahədə əldə olunan irəliləyişlərlə yanaşı, mövcud çağırışlara diqqət yetirmək vacibdir: “Şəbəkələrin bir hissəsinin fiziki köhnəlməsi onların mərhələli şəkildə yenilənməsini zəruri edir. Bununla bağlı müəyyən investisiya proqramları həyata keçirilir, lakin maliyyə resurslarının məhdudluğu prosesin daha sürətli icrasına mane olur. Qazın dəqiq uçotu və istehlakın şəffaf qeydiyyatı məqsədilə rəqəmsal sistemlərin tətbiqi istiqamətində mühüm addımlar atılır. Amma bu sahədə texnoloji infrastrukturun daha da gücləndirilməsinə ehtiyac qalır. Qazın talanması hallarında məsuliyyətin daha obyektiv şəkildə müəyyənləşdirilməsi və yalnız texniki müdaxiləni edən şəxslər deyil, fayda əldə edənlərin və məsuliyyət daşınması mexanizminin hüquqi əsasla dəstəklənməsi zəruridir. Sayğaclara müdaxilə var və biz son statistikaya baxanda o müdaxilələrdə təqsirkar trəfi müəyyən etməkdə çətinlik çəkirik. Amma istər-istəməz təqsirkar kim olursa-olsun faydalanan tərəf abonentdir. Biz istəyirik ki, bu prosesləri ayıraq. Buna görə təkliflər hazırlayırıq və öz fikirlərimizi rəsmi formada təqdim edəcəyik”.
“Azəriqaz” İB-nin Baş direktoru vurğulayıb ki, “Qaz təchizatı” haqqında qanun layihəsinin əsas məqsədi enerji təhlükəsizliyini təmin etmək, istehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətlər qurmaqdır: “Bu qanun çərçivəsində hasilat, nəql, paylanma və satış funksiyalarının hüquqi ayrılığı təmin edilir, tariflərin hesablanması üçün şəffaf mexanizmlər qurulur, mənzildaxili nasazlıqlar və texniki xidmət sahəsində müstəqil bazarın formalaşdırılması hədəflənir, həmçinin qanunun tətbiqi mərhələli şəkildə və konkret vaxt çərçivələri ilə tənzimlənir”. (Apa)