““Qaz təchizatı haqqında” Qanununun 6-cı maddəsinin 5-ci abzasına, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiqlənmiş “Qazdan istifadə Qaydaları”nın (Qaydalar) 6.1.4-cü bəndinə, hətta həmin Qaydaların 2-ci və 3-cü əlavəsində təsdiq olunub, məişət və sənaye qaz qurğusu istifadəçiləri ilə bağlanmış qazın alqı-satqısı müqavilələrinin müvafiq olaraq 2.2.6.4-cü və 2.2.7.4-cü yarımbəndlərinə əsasən, “qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” qazın verilişinin dayandırılmasına dair müddəalar təsbit olunmasına baxmayaraq, son dövrün formalaşmış məhkəmə təcrübəsi “Azəriqaz” İB-nin bu təsir tədbiri növünün tətbiqi imkanını xeyli məhdudlaşdırır”.
FED.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Hüquq Departamentinin rəisi Vüqar Eyvazovun Modern.az-a məlumat verib.
Eləcə də bax: "Azəriqaz" yeni sayğacları - BAŞQA ŞİRKƏTDƏN ALACAQ
O qeyd edib ki, yuxarıda qeyd olunan hallar baş verdikdə, qazın verilişi dayandırılmaqla Birliyin “borcun ödənilməsi” tələbi üzrə qaldırılan iddialarına cavab olaraq istehlakçılar tərəfindən “borcun ləğv edilməsi” üzrə iddianın təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizələrə əsasən, hakimlər bir çox hallarda mübahisə predmeti və ya borcun mübahisələndirilən məbləği ilə məhdudlaşdırılmadan təbii qazın verilməsinin bərpa və “təbii qazın verilməsinin dayandırılmasına yönələn hər hansı hərəkətin edilməsi”ni Birliyə qadağan olunması barədə qərardadlar çıxarırlar. Kütləvi xarakter daşıyan belə “veto”ların Birliyin üzərinə qoyulması istehlakşılar tərəfindən mövcud borcun ödənilməsi müddətinin uzadılmasına, “Azəriqaz” İB üzrə debitor borcun şişirdilməsinə, yığım səviyyəsinin azaldılmasına səbəb olur.
Bununla əlaqədar olaraq qeyd etmək istəyirik ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun (Qanun) 3-cü maddəsinə görə məhkəmələr fiziki və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə etməlidir, Qanunun 13-cü maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla həyata keçirilir.
Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən irəli gələrək hesab edirik ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırmamalı və əsaslı dərəcədə zərər dəyməsinə səbəb olmamalıdır.
Bu yanaşma “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli qərarında (Qərar) da öz təsdiqini tapıb.
Belə ki, Qərarın 1-ci hissəsində qət olunub ki, “məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir”.
Təəssüf olsun ki, mövcud qanunvericiliyin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli Qərarının tələblərinə baxmayaraq, bəhs edilən qərardadların qəbul edilməsi artıq neqativ tendensiyanın formalaşdırılmasına, o cümlədən kütləvi xarakter daşıyan qaz sayğaclarına müdaxilə və qaz xətlərinə qeyri-qanuni qoşulma nəticəsində külli miqdarda dövlət müəssisəsinə ziyan vurulmasına, dövlət əmlakının talan olmasına zəmin yaradır.
Bununla yanaşı hesab edirik ki, Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçmiş, üzərində AİBNDA-nın və qaz paylayıcısının işlək vəziyyətdə olduğunu təsdiq edən (Qaydaların 4.6 bəndi) plombu olan sayğacın göstəriciləri üzrə müəyyən edilmiş hesab mübahisə doğurmamalıdır.
Bu qəbilədən olan iddianın təmin edilməsi tədbirinin ləğv olunması üzrə cəhdlər bir qayda olaraq hakimlər tərəfindən təmin edilmir. (Bakı şəhəri Xətai rayon məhhkəməsinin hakimləri: Leyla Talıbova №2(011)-11183/2018 nömrəli iş üzrə; Elman Abbaslı №2(011)-3226/2019 nömrəli iş üzrə; Namidar Misirzadə №2(011)-3306/2019 nömrəli iş üzrə; Aygün Həsənova №2(010)-2782/2019 nömrəli iş üzrə.
Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı şəhəri və Abşeron rayonunda 2019-cu il ərzində 44840 qanunsuz istehlak halları (qaz sayğaclarına müdaxilə və qaz xəttinə qanunsuz qoşula) nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə dəymiş ziyanın məbləği aparılmış hesablamalara görə 7769114,2 (yeddi milyon yeddi yüz altmış doqquz min bir yüz on dörd manat iyirmi qəpik) manat təşkil edir.
Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, sui-istifadə hallarına (vicdansız istehlakçılar tərəfindən məhkəmə prosesinin aşkar surətdə uzadılması, məhkəmə prosesi başa çatanadək hətta istifadə etdiyi qaza görə yaranmış cari borcun ödənilməməsi, debitor borc məbləğinin artırılması, dövlət müəssisəsinin ziyanla işləməsi) şərait yaradılmaması üçün qəbul edilən qərardadlarda “Azəriqaz” İB-nin maliyyə dayanaqlığını əsaslı surətdə sarsıdan “mütləq” qadağa deyil, irəli sürülmüş tələbə mütənasibliyi müəyyən edən məhdudlaşdırıcı meyar (iddia tələbi daxilində) təsbit olunan məhkəmə təcrübəsi formalaşmalıdır. Ümidvarıq ki, AR Ali Məhkəməsı təkcə “Azəriqaz” İB üçün deyil, digər kommunal xidmətləri üçün də analoji praktikanın formalaşması məsələsinə diqqət yetirəcək”.