Azərbaycanın tanınmış enerji eksperti, «Caspian Barel» resursunun rəhbəri İlham Şaban, Azərbaycan neftinin 1 barelinin maya dəyərinin guya 60 dollar olması ilə bağlı məlumatları təkzib edib.
FED.az xəbər verir ki, ekspert Azərbaycan neftinin maya dəyərinin dəqiq qiymətinin hesablamasını da təqdim edib. İlham Şaban yazır:
Eləcə də bax: "Ən bahalı hasilat Azərbaycandadır - BİR BAREL ÜÇÜN 60 DOLLAR"
Azərbaycan mətbuatında bir sıra KİV-lər Saudi Aramco şirkətinin 5% səhmlərinin açıq bazarda satılması məqsədilə investorlar üçün hazırlanmış 658 səhifəlik hesfbatına istinad edib belə bir xəbər yayıblar:
Azərbaycanda şelfdə neft hasilatının maya dəyəri bir barel üçün $60-dan çoxdur, quruda isə $49.
Və...IHS Markit şirkəti Saudi Aramco-nun hasilat qiymətlərini digər neft ölkələri ilə müqayisə edərək belə qənaətə gəlib ki, dünyada ən ucuz neft Səudiyyədədir - $17/barel.
Bu hesabat 2 gün əvvəl dərc edilib və ona cavabı SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov verməliydi. Çünki Azərbaycanın 1 N-li ixrac məhsulu neftdir və onu da dünyanın ƏN BAHA başa gələn xammalı elan ediblər.
Əslində isə… Azərbaycan 2019-cu ilin 9 ayında 28,2 mln ton neft və kondensat hasil edib. Bunun 96%-dən çox hissəsi dəniz yataqlarının payına düşüb. Dənizdə hasil edilən neftin 78%-ni BP şirkəti AÇG yataqlarından çıxarıb. AÇG üzrə 3,6 milyard bareldən çox neft hasil edilib və kapital xərcləri də 36 milyard dollar olub, yəni 1 barelin maya dəyərinin kapital xərci $10. İstismar xərclərini də əlavə etsək, düz $12,5 olar. Bunun beynəlxalq bazarlara çatdırılma xərclərini də hesablasaq - maksimum $17-19 bir barel üçün (boru kəməri marşrutundan asılı olaraq).
SOCAR-ın bu yaxınlarda 2018-ci ilin yekunları ilə bağlı açıqladığı hesabatda bildirilirdi ki, onun balansında olan yataqlarda 1 ton neftin maya dəyəri 117 manat 92 qəpikdir. Yəni 1 barel üçün əmtəəlik neft $15.94.
Azərbaycan neftinin, özü də dəniz neftinin maya dəyəri 1 barel üçün $60 ətrafında olması mümükünsüzdür!
Əgər elə bir şey olsaydı, onda Neft Fonduna Azərbaycan neftinin $60-dan aşağı qiymətində mənfəət neftinin satışından gəlir daxil olmamalıydı. 2016-cı ildə neftin orta ixrac qiyməti $41,90 təşkil etmiş, 2017-ci ildə isə $52,90-a qədər yüksəlmişdi. Bu zaman Fonda gələn gəlirlər müvafiq olaraq $5,89 mlrd və $7.07 mlrd təşkol etmişdi (gəlirin təqribən 92-93%-i mənfəət neftinin satışından formalaşır).
Bəs niyə IHS Markit şirkəti belə nəticəyə gəlib ki, dənizdə və quruda hasilat real qiymətdən 3 dəfədən bahadır?
Hesabatı diqqətlə oxusaq görərik ki, IHS Markit sözügedən qiymətləri yeni layihələrə şamil edib və 2019-cu ilin I rübünün göstəriciləri üzrə hesablama apardığını qeyd edib. Azərbaycan şelfində yeni layihəmi var? Ancaq "Şahdəniz-2"ni aid etmək olar, hansı ki, 2018-ci ilin yayında istismar perioduna qədəm qoyub. Neft ekvivalenti ilə, bəli, 1000 m3 qazın maya dəyəri 60-dan çox ola bilər.
Quruya gəldikdə isə "Muradxanlı" yatağını misal çəkmək olar - keçən il Aran Oil şirkəti burada istismara başlayıb. Burada hasilat çətin çıxarılan neft tipinə aiddir. Və çox kiçik həcmdədir. Onun Azərbaycanın qurudakı digər yataqlara elə bir istisi və soyuğu yoxdur».