Qarşıdakı 10 ildə Azərbaycanda bərpa olunan – külək və günəş enerjisinin ölkənin ümumi enerji balansında payının 30%-ə çatdırılması nəzərdə tutulur. Bu sahənin tənzimlənməsi, investorlara yaradılan şərait və investisiya imkanları ilə bağlı FED.az-ın suallarını Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev cavablandırıb:
- Təbriz müəllim, Azərbaycanda ümumi enerji balansında bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün həcminin 2030-cu ilədək 30%-ə çatdırılması nəzərdə tutulub. Bu hədəf nə qədər realdır və ona nail olmaq üçün hansı işlər görülür?
- Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülmüşdür. Sizin də qeyd etdiyiniz kimi, hazırda ümumi enerji balansında həcmi 17% olan bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 2030-cu ilədək 30%-ə çatdırılması hədəf qoyulub.
Bu hədəfə nail olmaq üçün vacib şərtlərdən biri bərpa olunan enerjidən istifadə sahəsindəki fəaliyyətin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi və müvafiq sahədə qanunvericilik bazasının hazırlanmasıdır. Hazırda beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb, müvafiq qurumlarla razılaşdırılıb və baxılması üçün təqdim edilib.
İkinci şərt bu sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsidir. Sözügedən qanun layihəsində bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı hüququnun investorlara verilməsi üzrə hərracların keçirilməsi və ya birbaşa cəlbetmə yolu ilə həyata keçiriləcəyi nəzərdə tutulur.
Bərpa olunan enerji hərracları üsulu - dünyada geniş tətbiq olunur. Bu öncədən müəyyən edilmiş güc üzrə investorla elektrik enerjisinin satınalma müqaviləsinin imzalanması üçün keçirilən şəffaf, ayrı-seçkiliyə yol verməyən və rəqabətli prosedurdur.
Hazırda bu prosedurun qaydaları Avropa Yenidənqurma və İnvestisiya Bankının dəstəyi ilə işlənib hazırlanmaqdadır.
Qeyd edim ki, son illər bu sahəyə investorların cəlb edilməsi sahəsində ciddi işlər görülüb. Belə ki, Səudiyyə Ərəbistanı Krallığının “Acwa POWER” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə külək və günəş elektrik stansiyaları üzrə layihələrin reallaşdırılması istiqamətində razılıq əldə edilib.
- Təbriz müəllim, bərpa olunan enerji mənbələrində istehsal olunan enerji elektrik şəbəkəsinə necə ötürülür?
- Bərpa olunan enerji istehsalının artırılması zamanı nəzərə alınmalı olan faktorlardan biri də istehsal olunacaq enerjinin şəbəkəyə inteqrasiyasıdır. Bu məsələ ilə əlaqədar, beynəlxalq məsləhətçi şirkətlə birlikdə müvafiq araşdırmalar aparılmışdır. Almaniyanın “VPC” şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulmuş 30% hədəfinə nail olmaq üçün, ümumilikdə 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır. Həmin güclərin 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiyası məqsədəuyğun hesab edilib.
- Təbriz müəllim, bu işlər çərçivəsində Azərbaycanın enerji bazarının liberallaşdırılması da nəzərdə tutulurmu?
- Qeyd etmək lazımdır ki, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində beynəlxalq təcrübə mütəmadi olaraq araşdırılır və təhlil olunur. Bu istiqamətdə qabaqcıl ölkələrin və beynəlxalq şirkətlərin strategiyaları, texnoloji yeniliklər və digər faktorlar nəzərdən keçirilir. Liberal elektrik enerjisi bazarına keçid və bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası sahəsində 2019-cu ildən etibarən həmçinin Türkiyə təcrübəsinin də öyrənilməsi üzrə işlər həyata keçirilmişdir. Bu xüsusda hər iki tərəfin dövlət nümayəndələrinin iştirakı ilə cari ilin əvvəlində seminarın təşkilini xüsusi qeyd edə bilərik.
- Ərəb investisiyaları hesabına tikilməsi planlaşdırılan 240 MVt-lıq külək və 230 MVt-lıq günəş elektrik stansiyaları ilə bağlı hansı işlər görülür?
- Bildiyiniz kimi, Energetika Nazirliyi ilə “ACWA Power” və “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri ötən ilin 9 yanvar tarixində imzalanmışdır. 30 dekabr tarixində isə Nazirlik və “Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalandı. Növbəti aylarda külək elektrik stansiyasının tikintisinə başlanması nəzərdə tutulur. “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyasının tikintisi ilə bağlı müvafiq müqavilə layihələrinin müzakirəsi tamamlanmaq üzrədir və yaxın müddətdə imzalanması planlaşdırılır.
Bu layihələrin reallaşması gələcəkdə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün təcrübə bankı rolunu oynayacaq və investisiyalar üçün əlverişli zəmin formalaşdıracaqdır.
- Bu stansiyaların hansı ərazilərdə tikilməsi nəzərdə tutulur?
- “ACWA Power” şirkəti ilə imzalanmış İcra Müqaviləsinə uyğun olaraq, külək elektrik stansiyası Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq ərazilərində inşa ediləcək. Bu məqsədlə artıq həmin ərazilərdə şirkət tərəfindən 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılmışdır. Stansiyaların 3-ü Xızıda, 3-ü isə Abşeron rayonu ərazisində quraşdırılıb. Hündürlüyü 100 metr olan bu stansiyalar vasitəsilə 9-12 ay ərzində külək ölçmələri həyata keçiriləcək və nəticəyə əsasən külək turbinlərinin optimal yerləşməsi müəyyən ediləcəkdir. Günəş elektrik stansiyasının tikintisi isə Qobustan qəsəbəsi yaxınlığında, Qaradağ və Abşeron rayonlarının ərazisini əhatə edən müvafiq sahədə planlaşdırılır ki, hazırda bu ərazilərdə də şirkət tərəfindən ölçü-müşahidə işləri həyata keçirilməkdədir.
- Ölkənin enerji sistemi ğu stansiyalarda istehsal olunacaq “yaşıl” enerjini hansı tariflərlə alacaq, bu tarif məlumdurmu?
- Qeyd etdiyim kimi, bərpa olunan enerji istehsalının artırılması və bu sahənin özəl investisiyaların cəlbi ilə inkişafı əsas məqsədlərimizdən biridir. Ancaq özəl investisiyaların cəlbi zamanı Energetika Nazirliyi tərəfindən nəzərə alınan əsas məqam - istehsal olunacaq elektrik enerjisi qiymətinin ölkəmizdə mövcud tariflər çərçivəsində olmasıdır. “ACWA Power” və “Masdar” şirkətləri ilə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılması bu istiqamətdə ilk uğurlu addımlardan biridir. Yəni, bu layihələr üçün elektrik enerjisi tarifinə heç bir dövlət subsidiyası nəzərdə tutmur.
- Günəş panellərinin istifadəsi ilə başqa hansı ərazilərdə yeni stansiyalar tikilə bilər?
- Ölkəmiz bərpa olunan enerji mənbələrindən istifadə üçün əlverişli coğrafi mövqedə yerləşir. Müqayisə üçün deyim ki, ölkəmizin ümumi bərpa olunan enerji potensialı 27 000 meqavatdır, bundan 23 000 meqavatı günəş enerjisinin payına düşür.
Bunu nəzərə alaraq deyə bilərik ki, bərpa olunan enerji sahəsinin tənzimlənməsi üzrə ilk normativ hüquqi sənəd kimi müvafiq qanun layihəsinin və alt qanunvericilik aktlarının qəbulu ölkəmizin günəş enerjisi ilə zəngin olan müxtəlif guşələrində günəş elektrik stansiyalarının reallaşdırılmasına təkan verə bilər. Artıq Respublikamızın rayonlarında potensial günəş elektrik stansiyaları üçün yerlərin seçilməsi məqsədilə ilkin tədqiqat işləri aparılıb, əlverişli günəş radiasiyası müşahidə olunan potensial ərazilər müəyyən edilib. Eyni zamanda, ərazilərin digər regional inkişaf planları ilə uyğunlaşdırılması və prioritet ərazilərin müəyyən edilməsi üçün İşçi Qrup yaradılmışdır.
- Bir qədər əvvəl elan edildi ki, Böyükşor gölündə ilk üzən günəş enerji stansiyası tikiləcək. Əlavə belə stansiyaların hansı ərazilərdə tikilməsi gözlənilir?
- Doğrudan da Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulub. Bu Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində həyata keçirilir.
Artıq həmin layihə üzrə müsabiqənin qalibi olmuş “Gamma Solutions” şirkəti ilə ilk görüş keçirilib, layihə ilə bağlı iş prinsipləri, səfərbər edilmiş işçi heyət, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə olaraq, müvafiq layihə çərçivəsində sənaye həcmli yəni böyük qoyuluş güclü üzən günəş panelləri layihəsinin ilkin texniki iqtisadi əsaslandırılmasının aparılması da nəzərdə tutulur. İlkin nəticələr onu göstərir ki, gələcəkdə bu istiqamətdə iri miqyaslı layihənin həyata keçirilməsi mümkündür.