MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin, Energetika Nazirliyinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəsmi internet səhifələrindən əldə etdiyi məlumatların təhlili göstərir ki, Prezident İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixində “Azərbaycan Respublikasında bərpa olunan enerji üzrə Milli Proqram”ı ilə bağlı imzaladığı sərəncamdan bu günə kimi ölkəmizdə bərpa olunan enerji üzrə qoyuluş gücü 74% və ya 717,8 MVt artıb.
FED.az xəbər verir ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin 2009-cu il yanvarın 26-da Bonn şəhərində imzalanmış Nizamnaməsinin Dövlət başçısı İlham Əliyev tərəfindən 2014-cü ilin 2 may tarixində təsdiq edilməsindən cari tarixədək Azərbaycanda bərpa olunan enerji üzrə qoyuluş gücü 50,7 % və ya 567,9 MVt artıb.
Cari ilin iyul ayına aid göstəricilərə görə isə ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 1 687,9 MVt təşkil edib. Bu isə 5 il öncəki göstərici ilə müqayisədə 30,7% və ya 396,6 MVt çox deməkdir.
Ölkəmizdə bərpa olunan enerji üzrə elektrik stansiyalarının gücünə diqqət etsək, əsas enerji növünün su olduğunu görərik. Son 20 ildə Azərbaycanda su elektrik stansiyalarının qoyuluş gücü 34,2% və ya 331,6 MVt artıb. Hazırda isə su elektrik stansiyalarının qoyuluş gücü 1301,7 MVt təşkil edir. Bu da son 5 ildə 13,7% artım deməkdir.
Son rəqəmlərə görə, Azərbaycanda külək elektrik stansiyalarının gücü 66,5 MVt təşkil edir və bu, 15 il əvvəlki göstəricidən 39,1 dəfə və ya 64,8 MVt çoxdur. Onu da qeyd edək ki, ölkəmizdə külək elektrik stansiyaları ilk dəfə 2009-cü ildə fəaliyyətə başlayıb və həmin dövrdə qoyuluş gücü 1,7 MVt olub.
Günəş elektrik stansiyalarının qoyuluş gücü 282 MVt təşkil edir. Bu, 5 il öncə ilə müqayisədə 8 dəfə, 10 il öncə ilə müqayisədə 117,5 dəfə artım deməkdir. Günəş elektrik stansiyalarının qoyuluş gücünün 81,6%-ni və ya 230 MVt-nı 2023-cü ildə açılışı baş tutmuş “Qaradağ GES” təşkil edir.
Xatırladaq ki, “Qaradağ GES” 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. “Qaradağ GES” ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Ölkədə yeganə olan Balaxanı bio elektrik stansiyasının gücü isə 37,7 MVt təşkil edir.
Elektrik stansiyalarını sayına görə müqayisə etsək, 11-i iri və 36-sı kiçik olmaqla ümumilikdə 47 stansiya ilə su elektrik stansiyaların ilk pillədə yer aldığını görərik.
22 stansiya ilə istilik elektrik stansiyaları ikinci sırada olmaqla yanaşı, bütün elektrik stansiyalarının 25,6%-ni təşkil edir. Daha dəqiq desək, ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının 74,4%-ni (64 stansiya) bərpa olunan enerji hasil edən elektrik stansiyaları tutur.
Əlavə məlumat üçün bildirək ki, ölkəmizdə 9 günəş, 5 külək və 1 bio elektrik stansiyası elektrik enerjisi hasil edir. Bundan başqa Azərbaycanda 2 hibrid elektrik stansiyası da var ki, külək, günəş və bioqazdan istehsal olunan elektrik enerjisi hibrid formada elektrik şəbəkəsinə ötürülür.
Son 20 ildə Azərbaycanda elektrik enerjisinin istehsal formasının dəyişiminə baxsaq, bu illər ərzində günəş, külək və bio elektrik stansiyalarının yaradıldığını və su elektrik stansiyalarının sayının artdığını görərik.
Qeyd edək ki, 2004-cü ildə Azərbaycanda elektrik enerjisi hasil edən elektrik stansiyalarının yalnız 2 növü (İstilik ES və Su ES) mövcud olub. Həmin dövrdə elektrik stansiyalarının qoyuluş gücü 5665,1 MVt təşkil edib ki, onun da 82,88%-i (4695 MVt) istilik elektrik stansiyalarının, 17,12%-i (970,1) isə su elektrik stansiyalarının payına düşüb.
2024-cü ildə isə elektrik stansiyalarının qoyuluş gücü 8320,9 MVt təşkil edir və onun 79,72%-i (6633) istilik elektrik stansiyalarının, digər 20,28%-i (15,64%-i Su ES, 3,39%-i Günəş ES, 0,8%-i Külək ES, 0,45%-i isə Bio ES) bərpa olunan enerji üzrə fəaliyyət göstərən elektrik stansiyalarının payına düşür.