Azərbaycan 2021-ci ilin yanvar-fevral aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 2 milyard 85,39 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 15,5% çoxdur.
Eləcə də bax: AÇG-dən SOCAR-a ötürülən qazın həcmi - 43% Artıb
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
Fevral ayında Türkiyəyə qaz ixracının həcmi 966,16 milyon kubmetr təşkil edib. Eyni zamanda, fevralda Türkiyəyə qaz ixracının ümumi həcminin 16,1-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında Türkiyəyə Azərbaycan qazının ixracı 12,37% artıb.
Ümumilikdə, Azərbaycan 2021-ci ilin fevral ayında Türkiyəyə qaz ixracının həcminə görə ikinci yerdə qərarlaşmaqla mövqeyini qoruyub. Birinci yerdə Rusiya (39,58%), üçüncü yerdə İran (13,47%), dördüncü yerdə Əlcəzair (12,43%) qərarlaşıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından isə ikinci pilləyə enib (Rusiyadan sonra).
Bütövlükdə, fevral ayında Türkiyəyə 6 milyard 2,62 milyon kubmetr qaz (2020-ci ilin fevral ayı ilə müqayisədə artım 14,09%) ixrac edilib. Həmçinin, 4 milyard 150,73 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 69,1%-i, artım 51,5%), 1 milyard 851,89 milyon kubmetr (bütün ixracın 30,9%-i, azalma 26,6%) isə LNG-nin payına düşüb. Bütün ixrac 6 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair, ABŞ və Nigeriya (LNG)) həyata keçirilib.
2020-ci ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. (İntrefaks)