Rusiya-Ukrayna müharibəsi və bunun nəticəsində Rusiya qazının Avropaya yolunun bağlanması Azərbaycan qazı üçün yeni bazarlar yaradıb. Azərbaycan qazına ehtiyacı olan ölkələrin sayı artır və Bakı bundan istifadə edib satış bazarını genişləndirmək niyyətindədir. Bu ölkələrin arasında qazı son vaxtlara qədər Rusiyadan alan Ukrayna və Moldova da var.
FED.az xəbər verir ki, Azərbaycan qazı Ukrayna və Moldovaya Bolqarıstan vasitəsilə ötürülə bilər. Xatırladaq ki, hazırda Azərbaycan Bolqarıstana qaz satır. Bu qaz Bolqarıstana xüsusi qaz kəməri, daha dəqiqi Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru vasitəsilə çatdırılır.
Qaz İnterkonnektoru – o deməkdir ki, Azərbayccan qazını türkiyədən sonra Yunanıstana və İtaliyaya çatdıran əsas qaz kəmərindən (yəni Cənub Qaz Dəhlizindən) bir qol ayrılıb və bu qol vasitəsilə qazın bir hissəsi Bolqarıstana göndərilir.
Bu kəmər, yəni Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru 2022-ci ildə istifadəyə verilib, indi isə onun daha da inkişaf etdirilməsi və bu kəmər vasitəsilə Azərbaycan qazının Ukrayna və Moldovaya satışı da müzakirə edilir.
Xatırladaq ki, sözügedən kəmərlə ildə 3 milyard kubmetr qaz daşımaq olar, amma onun ötürücülük qabiliyyətini ildə 5 milyard kubmetrə də çatdırmaq mümkündür. Ötürücülüyü artırılsa, Azərbaycan qazı bu kəmərlə təkcə Bolqarıstana deyil, Ukrayna və Moldovaya da çatdırıla bilər.
ICGB boru kəməri şirkətinin icraçı direktoru Teodora Georgieva Azərbaycan qazının Avropa üçün əhəmiyəti və bu kəmərlə qazın Ukrayna və Moldovaya çatdırılması ilə bağlı məsələləri müsahibəsində izah edib.
FED.az biznes və maliyyə xəbərləri portalı "Azertac"a istinadla müsahibəni ixtisarla derc edir.
- Xanım Georgieva, sizcə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında hansı rol oynayır?
- Azərbaycan uzun müddətdir ki, ICGB şirkətinin etibarlı tərəfdaşıdır və mən əminəm ki, bizim uğurlu əməkdaşlığımız daha da güclənəcək. Məlumdur ki, IGB boru kəmərinin gücünün üçdəbiri, “Şahdəniz-2” yatağından gələn Azərbaycan qazının nəqli üçün ayrılıb. Bu amil layihənin maliyyələşdirilməsinin təmin olunmasında, hələ layihə planlaşdırma mərhələsində olanda və tikintisinə başlamadan əvvəl əsas rol oynayıb. İndi interkonnektor tam kommersiya istifadəsinə verildikdən sonra biz onun, xüsusilə Bolqarıstanın enerji təchizatına müsbət təsirini açıq şəkildə görürük.
Daha geniş mənada, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, xüsusən Cənub Qaz Dəhlizi vasitəsilə təchizatların diversifikasiyasına kömək edir. Ukraynadakı müharibə qaz axınlarında və bazar dinamikasında ciddi dəyişikliklərə səbəb olub, lakin Azərbaycan etibarlı tərəfdaş kimi öz statusunu təsdiqləyib, hətta son enerji böhranı şəraitində belə uzunmüddətli müqavilələrini davamlı olaraq yerinə yetirir.
Ümid edirəm ki, Avropa İttifaqı (Aİ) təbii qaz layihələrini və bu sahədə beynəlxalq əməkdaşlığı prioritet olaraq qiymətləndirəcək. Bu, yalnız Avropanın enerji müstəqilliyini gücləndirmək üçün deyil, həm də artan Azərbaycan qazının ötürülməsi üçün optimallaşdırılmış nəqliyyat şəbəkəsinin yaradılması baxımından vacib olacaq.
- Boru kəməri istifadəyə veriləndən bəri İGB-nin fəaliyyətini necə xarakterizə edərdiniz? İGB regionun enerji əlaqəsində hansı rolu oynayır?
- Yunan-Bolqarıstan İnterkonnektoru hazırkı çətin şəraitdə regionun enerji təhlükəsizliyi üçün əhəmiyyətini tez bir zamanda təsdiqlədi. Boru kəməri 2022-ci ilin oktyabrında kommersiya istismarına verilib və cəmi iki ay sonra IGB Moldovaya təhlükəsiz qaz nəqli marşrutunun təmin edilməsində mühüm rol oynayıb, ölkəyə qış dövründə daxili tələbatı ödəməyə kömək edib. Bu məqsədə nail olmaq üçün Trans-Balkan qaz kəmərindən əks rejimdə istifadə edilib. Bu nümunə beynəlxalq enerji layihələrinin əhəmiyyətini əyani şəkildə nümayiş etdirir: onlar təkcə ev sahibi ölkələr üçün tədarüklərə zəmanət vermir, həm də regionun enerji əlaqələrinin gücləndirilməsinə kömək edən yeni marşrutlar açır. IGB-nin işə salınması şaxələndirilmiş təchizat marşrutlarının yaradılmasında, enerji təhlükəsizliyinin artırılmasında və tək mənbədən asılılığın azaldılmasında mühüm addımdır.
Boru kəməri dərhal Bolqarıstanın Rusiya tədarükündən asılılığının azaldılmasına əhəmiyyətli təsir göstərdi, hazırda Moldova və Ukrayna da daxil olmaqla, digər regional bazarlarını təmin etmək üçün etibarlı marşrut rolunu oynayır.
Bu, layihə üçün mühüm nailiyyətdir və mən ICGB komandasına onun həyata keçirilməsində göstərdikləri əzm və səylərə görə dərin minnətdarlığımı bildirirəm. İndi Cənub Qaz Dəhlizi və Şaquli Qaz Dəhlizinin bir hissəsi kimi biz İGB-nin inkişafının növbəti mərhələsini - onun ötürücülüyünün ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırmağı nəzərdən keçiririk.
- Moldova və Ukraynaya tədarük üçün İGB infrastrukturunun strateji əhəmiyyəti nədir?
- 2025-ci il yanvarın 1-dən Rusiya təbii qazının Ukrayna ərazisindən tranzitinin başa çatması ilə təsirlənən bazarlar tədarükləri diversifikasiya etmək üçün davamlı və etibarlı həll yolu tapmalıdır.
IGB boru kəməri Cənub Qaz Dəhlizinə və Aleksandrupolda yerləşən mayeləşdirilmiş təbii qazın (LNG) terminalına qoşulmanı təmin etmək, həmçinin əvvəllər tərs rejimdə istifadə edilən Trans-Balkan Boru Kəməri vasitəsilə Moldova və Ukraynaya tədarükün təşkili üçün ideal istiqamətdə yerləşir. Bu bazarların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi regional enerji təhlükəsizliyində əsas rol oynayır. Buna görə də ICGB hər iki ölkənin qazötürücü sistem operatorlarının (TSO) Şaquli Qaz Dəhlizinə inteqrasiyası təşəbbüsü ilə çıxış edib ki, bu da regionda infrastruktur əlaqələrinin inkişafında mühüm addım olacaq.