Azərbaycan və Serbiya bu ölkədə yeni elektrik stansiyasın tikintisi barədə qərar qəbul ediblər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə qərar Azərbaycan prezidenti İlham Əliyevin Serbiyaya bugünkü səfəri zamanı, həmkarı Aleksandr Vuçiçlə görüşdə qəbul edilib.
"Zirə pomidorunu dadmışam, bu dəfə Naxçıvan məhsullarının dadına baxdım"
Serbiya prezidenti bildirib ki, dünyada elektrik enerjisinə artan tələbatı nəzərə alaraq Serbiya daha çox enerji istehsal etmək niyyətindədir və bu prosesi Azərbaycanla birlikdə həyata keçirəcək:
«Ən mühüm mövzulardan biri odur ki, qarşımızda elektrik enerjisi dövrü başlayıb. Elektrik enerjisi dövrü başlayır və bizə elektrik enerjisinin çox sayda mənbələri lazımdır. Daha çox elektrik enerjisi istehsal etməliyik. Mən Prezident Əliyevdən xahiş etdim ki, bu layihədə bizə yardım göstərmək üçün şəxsən iştirak etsin. Belə olarsa, biz işləri daha sürətlə bitirə bilərik».
İlham Əliyev və Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
Serbiya prezidenti Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin də idxal ediləcəyini və bu barədə razılaşmalar əldə edildiyini bildirib: «Azərbaycanın giqavatlarla ölçülən elektrik enerjisi olacaq. Lakin məsələ belədir ki, onun idxalı üçün lazımi ötürücü xətlər olacaqmı?! Biz Azərbaycan tərəfi ilə mühüm məsələlər üzərində razılığa gəldik. Bu gün Serbiyanın qaz şirkəti və SOCAR bu mövzuda söhbət aparıblar və əməkdaşlıq sazişi imzalanıb. Çalışacağıq hər bir məsələni iki və ya üç ay ərzində həll edək ki, dərhal sonra layihə sənədləri hazırlansın və tikinti başlanılsın».
Azərbaycanın Serbiya ilə birgə inşa edəcəyi 500 meqavatlıq stansiyanın tikintisi 2 il çəkəcək və 2029-cu ilə qədər işə düşəcək. Yeni elektrik enerjisi stansiyasının tikilməsi üçün Serbiyanın 3 şəhəri namizəddir:
«Qazla işləyən elektrik enerjisi stansiyasının tikintisi iki ildən artıq çəkəcək. İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq. Niş şəhərinin ətrafında üç yer seçilib - tikintinin ya Tripale, Kruşti, ya da Nişka Banyada aparılması gözlənilir. Lakin düşünürəm ki, Kruşti ən münasibdir. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq. Tikintiyə nəzarəti Azərbaycan şirkətləri həyata keçirəcək. Serbiya şirkətləri də işlərə qoşulacaq, hər iki tərəf 50 faizlə işləyəcək. Prezident Əliyev mənə söz verdi ki, şəxsən həmin məsələ ilə məşğul olacaq».
Serbiya prezidenti Azərbaycanın elektrik enerjisi istehsalında böyük təcrübəsini xatırladıb:
«Gələcəkdə biz daha çox qazla işləyən elektrik enerjisi stansiyalarını tikməliyik. Kiçik modul tipli reaktorlar quraşdırılacaqdır. Bəlkə inanmayacaqsınız, lakin 2 illik müddətdə onlar (Azərbaycan - FED.az) 1890 meqavatlıq ümumi enerji istehsalı gücünü yarada biliblər. Bəlkə də Azərbaycan xalqı bunu bilmir, həmin güclər mümkün qədər qısa müddətdə yaradılıb».
Serbiya prezidenti bildirib ki, alınan elektrik enerjisi ölkədə Amerika şirkətləri ilə birlikdə tikilməsi nəzərdə tutulan DATA mərkəzlərində istifadə olunacaq: «Mən amerikalılarla müzakirəyə başlamışam və əgər onlar Monteneqronun Bar limanından başlayaraq, neft və qaz kəmərlərini çəksələr, məlumat mərkəzlərini tiksələr, Priyepoledən Zlatibor dağlarından keçərək Belqrada qədər bu işləri icra etsələr, yaxşı olar. Məlumat mərkəzləri yaradılmalıdır. Süni intellektin imkanlarından istifadə etməsək, biz bir ölkə olaraq geridə qalacağıq. İlon Mask deyir ki, iki aydan sonra hər şey kəskin dəyişəcək. Sadəcə insanlar bunu hələ görmür və bilmir. Bu səbəbdən, işlər sürətləndirilməlidir və biz azərbaycanlı dostlarımıza dəstəyə görə minnətdarıq».
Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, Azərbaycanın Serbiyaya yatırım edib elektrik stansiyası tikməsi bu ölkədəki investisiya mühiti ilə bağlıdır: «Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır».
Prezident bildirib ki, Serbiyadakı stansiya Azərbaycan qazı ilə işləyəcək və hasil olunan enerji xaricə də ixrac olunacaq: «Bir müddət əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq».
Əliyev xatırladıb ki, Azərbaycan artıq öh ehtiyaclarından artıq enerji istehsal edir və buna xaricə ixrac etmək planları var:
«Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır».










