Xəbər verildiyi kimi, OPEC + ölkələri dünya bazarında qiymətləri sabitəşdirmək üçün neft hasilatını azaltmağa qərar veriblər.
FED.az-ın məlumatına görə, aprelin 9-da neft ölkələri başçılarının görüşündə dəqiqləşdirilən, aprelin 12-də nazirlərin görüşündə isə təsdiqlənən qərara görə, mayın 1-dən etibarən dünya bazarında gündəlik neft hasilatı 9,7 milyon barel azalacaq. Neft hasilatında azalma iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək 5,8 mln barrel həcmində nəzərdə tutulub.
Amma məsələ təkcə bu razılaşmanın iştirakçıları ilə bitmir. İlk dəfədir ki, neft razılaşması dünyanın demək olar ki, bütün əsas neft ölkələrini əhatə edir və ölkələr bu razılışmaya daha məsuliyyətli yanaşmağa başlayıblar.
Belə ki, Səudiyyə Ərəbistanı, Kuveyt və BƏƏ tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 mln barrel həcmində neft istehsal edilməyəcək.
Bundan başqa bu qərar “OPEC plus” formatından kənar ölkələrin də hasiatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulurlar. ABŞ-ın Meksikanın öhdəliyinin 300 min barrelini öz üzərinə götürməsi buna bir nümunədir. ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının “OPEC plus” ölkələri ilə həmrəylik nümayiş etdirərək, gündəlik neft istehsalını 4-5 mln barrel həcmində könüllü şəkildə azaldacaqları nəzərdə tutulur. Beləliklə, İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 mln. barrel azalacağını da nəzərə alsaq, “OPEC plus” ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 mln barrel az neft daxil olacaq.
Azərbaycanda hasilatı azaldacaq
Dünya bazarında neft hasilatının azaldılması prosesində Azərbaycan da iştirak edəcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazov neft nazirlərinin video toplantısına qatılıb və toplantıda Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman həm 6 mart, həm də 9 aprel tarixlərində keçirilən iclaslar zamanı nümayiş etdirdiyi mövqeyinə, məsləhətləşmələr prosesində fəal roluna görə Azərbaycanın adını xüsusilə qeyd etdi və minnətdarlığını bildirdi.
OPEC+ çərçivəsində əldə edilən razılaşmaya əsasən, Azərbaycan da may ayından etibarən neft hasilatını azaltmağı öhdəsinə götürüb.
Belə ki, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində mayın 1-dən etibarən hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. Yəni bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
2020-ci ilin iyul-dekabr aylarında Azərbaycan gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlayacaq.
2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə Azərbaycanın hasilatı 98 min barrel azalma ilə 620 min barrel təşkil edəcək.
Qeyd edək ki, Azərbaycanda neft hasilatının əsas hissəsi Dövlət Neft Şirkətinin (SOCAR) və «Əsrin müqaviləsi»ni reallaşdıran konsorsiumun payına düşür. Hələlik azalmanın hansı hissəsinin SOCAR və BP-nin payına düşəcəyi dəqiqləşməyib. Amma Energetika Nazirliyindən FED.az-a bildirilib ki, azalma ilə bağlı ilin müzakirələr aparılıb və hazırda dəqiq bölgünün müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Azərbaycan nefti 22% bahalaşıb
Qeyd edək ki, neft hasilatının azaldılması barədə qərar neft bazarında ümumi qiymətlərlə yanaşı, Azərbaycan neftini də bahalaşdırmalıdır. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollar müəyyən edilsə də, hazırda bu rəqəm iki dəfədən də aşağıdır və 25 dollar ətrafında dəyişir.
Hələlik OPEC+ un qərarı qiymətləri artıra bilməyib
Dünya bazarında neft hasilatını tənzimləyəcək və məhdudlaşdırma yolu ilə qiymətləri sabitləşdirəcək OPEC+ razılaşmasına baxmayaraq neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.
FED.az xəbər verir ki, aprelin 13-də başlayan hərraclarda Brent neftinin qiyməti 0,72 dollar və ya 2,3% azalaraq 30,8 dollar olub.
WTI neftinin qiyməti isə hələlik dəyişmir və 22,8 dollarda sabit qalıb.