Bakıda və regionlarda (Sumqayıt və Abşeron da daxil) əhalinin enerji istehlakının həcmi və strukturu ilə bağlı statistika.
Eləcə də bax: Azərbaycana lazım olan enerjinin 17%-ni - KÜLƏKDƏN ALMAQ OLAR - AMEA
2018-ci ilin yekinlarına görə, Azərbaycanda bütün mənbələr üzrə ölkədə ev təsərrüfatlarının (əhali qrupu) istehlak etdiyi enerjinin 36.8%-i Bakı şəhərinin, yerdə qalan 63.2%-i qalan bütün rayon və şəhərlərin payına düşüb.
Ölkənin elektrik enerjisini kim istifadə edir?
Bakıda və əyalətlərdə enerji istehlakının strukturu bir qədər fərqlidir. Məsələn, Bakıda əhalinin enerji istehlakının 83.1%-i qazın, 9.1%-i elektrikin, 7.8%-i istilik enerjisinin hesabına təmin edilir. Bölgələrdə 77.8% qaz, 20.2% elektrik, 0.8 isitlik, 1.2% digər yanacağa (odun, ağ neft və s.) aiddir. Çox güman ki, Sumqayıt və Abşeron əyalətlərdən ayrılsa, ölkənin bölgələrində mənzərə bir az da dəyişər – qazın payı azalar, elektrik, odun və ağ neftin payı yüksələr. Bölgələrin payına yazılan 0.8%-lik istilik enerjisi də çox güman ki, Sumqayıt və Abşeronun hesabınadır.
Konkret enerji növlərinə gəldikdə, ölkə üzrə əhali qrupu tərəfindən istehlak olunan bütün təbii qazın 38%-i Bakının payına düşür. Nəzərə alsaq ki, hətta rəsmi statistikaya görə, Sumqayıt və Abşeronda Bakı əhalisinin təxminən 25%-i qədər əhali yaşayır, o halda Bakının istehlak göstəricisini dörddə bir qədər artırsaq, deməli ölkə üzrə ev təsərrüfatlarının qaz istehlakında Bakı və Abşeron yarımadasının payı ən azı 47-48% təşkil edir.
Yəni yerdə qalan bölgələrdə ev təsərrüfatları təbii qazın ən yaxşı halda 52-53%-ni istehlak edir.
Əhalinin hər nəfəri hesabı ilə ev təsərrüfatlarının illik təbii qaz istehlakı Bakıda 505 kubmetr, yerdə qalan bölgələrdə 250 kubmetr təşkil edib. Yenə də Sumqayıt və Abşeron çıxılsa, güman ki, əyalətlərdə həmin göstəricinin səviyyəsi daha da aşağı düşəcək. Bu isə o deməkdir ki, Abşeron yarımadasında bilavasitə əhalinin adambaşına qaz istehlakı əyalətlərdən orta hesabla 2.5 dəfəyə yaxın yüksəkdir.
Elektrik enerjisi istehlakı
Ölkə üzrə bütün ev təsərrüfatlarında istifadə olunan bu enerji növünün tam 40%-i Bakı şəhərinin payına düşür. Əhalinin sayı nəzərə alınmaqla dörddə bir prinsiini bura əlavə etsək, Sumqayıt və Abşeron da nəzərə alınmaqla, elektrik enerjisi istehlakının tam 50%-nin Bakı və Abşeron yarımadasındakı mənzillər vasitəsilə istifadə edildiyi aydın görünür.
Əhalinin hər nəfəri hesabı ilə ev təsərrüfatlarının illik elektrik enerjisi istehlakı Bakıda 1190 kvt-saat, yerdə qalan bölgələrdə 524 kvt-saat olub. Sumqayıt və Abşeron çıxılsa, güman ki, əyalətlərdə həmin göstəricinin səviyyəsi bir qədər də aşağı olacaq. Deməli, bilavasitə əhalinin elektrik enerjisi istehlakının da adambaşına səviyyəsi Abşeron yarımadasında digər regionlara nisbətən 2 dəfədən çox artıqdır.
Mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə istilik enerjisi
Nəhayət, mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə mənzillərə ötürülən istilik enerjisinə gəldikdə, bütün bu enerji növünün 98%-ni Bakıdakı binalar alır. Çox güman yerdə qalan 2% də Sumqayıt və Abşerona aiddir. 2015-2018-ci illərdə Bakıda evlərə verilən istilik enerjisinin həcmi 21% (175 Qkal) artıb.
Təəssüf ki, 2015-ci ildən əvvəlki statistikanı əldə etmək mümkün deyil. Əvəzində 2015-2018-ci ildə dinamikanı izləmək olur.
Deməli, 2015-2018-ci illərdə ev təsərrüfatlarının təbii qaz istehlakı Bakı şəhərində 11% (115 mln. kubmetr) artaraq 1.149 mlrd. kubmetrə, yerdə qalan ərazilər üzrə 11% (189 mln. kubmetr) artaraq 1.906 mlrd. kubmetrə çatıb.
2015-2018-ci illərdə ev təsərrüfatlarının elektrik enerjisi Bakı şəhərində 12%-ə yaxın (356 mln. kvt-saat) azalaraq 2.7 mlrd. kv-saata, yerdə qalan ərazilər üzrə 18% (883 mln. kvt-saat) azalaraq 3.992 mlrd. kvt-saata enib. Çox güman ki, son 3-4 ildə baş verənlər daha çox bölgələrdə qazlaşmanın miqyasının artması, eyni zamanda daha baha başa gələn elektriklə isitmədən “kombiləşmə”yə sürətli keçidlə bağlıdır.
Qeydiyyatsız evlər və qeydiyyatsız yaşayan əhali...
Bu statistikada real mənzərəni təhrif edən yeganə amil Bakı, Sumqayıt və Abşeronda bölgələrdən miqrasiya edən və qeydiyyatsız yaşayan əhalinin böyük sayının mövcudluğudur. Abşeron yarımadasında real məskunlaşan əhali sayı rəsmi statistikada göstərilən 2.8 mln. nəfərdən xeyli çox, yerdə qalan bölgələrdə isə həm ölkədən kənara xarici, həm də Abşeron yarımadasına daxili miqrasiya isə statistikada göstərilən 7.2 mln. nəfərdən azdır.
Yegan çıxış yolu nəhayət ki, müstəqilliyi əldə edəndən 30 il sonra bütün ərazilərdə daxili və xarici miqrasiyanın miqyasını real uçota alan statistik sistemin qurulmasıdır. Bu cür real məskunlaşma statistikası olmayan ölkədə heç bir halda effektiv bölgəsəl inkişaf siyasəti həyata keçirmək mümkün deyil.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin təsdiqlədiyi minimum istehlak səbətinə görə, bir nəfərin il ərzində istehlak etməli olduğu ən aşağı elektrik enerjisi sərfiyyatı 600 kv.saatdır. Bizim mövzud əhali statsitikası əsasında hesablama aparanda belə çıxır ki, Bakıda bu əhali istehlakı həmin normadan 2 dəfə yüksəək, bölgələrdə isə həmin minimum yolverilən həddən hətta 13% azdır.
Yaxud adambaşına qaz istehlakı üçün minimum yolverilən norma illik adambaşına 252 kubmetr götürülür. Yenə də bizim statisitkadan belə alınır ki, Bakıda 2 dəfə yüksək, bölgələrdə hətta 2 kub aşağıdır. Bölgələr üzrə etibarlı və real əhali statististikasının olmamasının bir fəsadı da özünü bu məsələdə göstərir.
Müəllif: Rövşən Ağayev, iqtisadi tədqiqatçı
FED.az üçün