Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) Xəzərdə ilk, dünyada isə ilk uzaqdan idarə olunan və müşahidə edilən platformalardan biri olacaq.
bp ACE platformasında qazma işlərinin başlayacağı vaxtı - AÇIQLAYIB
FED.az xəbər verir ki, bunu jurnalistlərə Səngəçal terminalının rəhbərlərindən biri Fil Qrey bildirib.
Onun sözlərinə görə, əgər hazırda platformalar avtonom şəkildə yerindən idarə olunursa, ACE platforması Səngəçalda yerləşən mərkəzdən idarə olunacaq.
Qeyd olunub ki, platformada daimi 175-180 mütəxəssis çalışacaq, lakin perspektivdə bütün avadanlıq yoxlanıldıqdan, optimallaşdırıldıqdan, platformanın işi tam avtomatlaşdırıldıqdan sonra burada fəaliyyət göstərən işçilərin sayı minimuma endiriləcək.
Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq. (Apa)