Yardımlı rayonunun Bərcan kəndinin sakinləri rayonda meşələrin qırılması ilə bağlı prezident İlham Əliyevə müraciət edərək ondan bu prosesin qarşısının alınması üçün kömək istəyiblər.
FED.az-ın məlumatına görə, kənd sakinlərinin imzaladığı müraciətdə deyilir ki, rayonun kəndlərində qaz olmadığına görə, yerli əhali qışda isinməyə görə meşələri qırmağa məcbur olur. Orta hesabla təkcə bir kənddə hər il 500 maşın ağac qırılır. Bu da milyonlarla ağacın qırılması deməkdir.
Sakinlərin müraciəti prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, Yardımlı rayonundan deputat Musa Qasımlıya və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə ünvanlanıb.
Müraciətdə deyilir:
«Çox hörmətli cənab prezident!
Sizə müraciət etməyimizin səbəbi Yardımlı rayonunda, o cümlədən bizim Bərcan kəndində artıq uzun illərdir baş verən və indi də davam edən ekoloji terror - meşələrin kütləvi şəkildə qırılmasıdır.
Bir neçə gün əvvəl qardaş Türkiyədə baş verən meşə yanğınları ölkənin böyük əhazisində meşələrin məhvi ilə nəticələndi. Məlum oldu ki, meşələrin əvvəlki vəziyyətinə qaytarılması üçün on illər lazımdır. Bu hadisə bütün dünyanı narahat etdi və qardış Türkiyəyə yardımlar başladı.
İki gün əvvəl isə oxşar hadisə bizim Yardımlı rayonunda baş verdi, bir neçə hektar meşə sahəsi yanaraq məhv oldu.
Cənab prezident, çox təəssüflə sizə bildiririk ki, bizim Yardımlı rayonunda meşələrin məhvi artıq necə illərdir ki, başlanıb və indiyədək nəinki azalır, hətta daha da genişlənir.
Vaxtilə meşələrlə örtülü dağ yamacları və kəndinətrafındak sahələr artıq ağaclar yoxdur. Hər il hektarlarla meşə sahəsi qırılır, kəndimizin səfalı meşə sahələrini düzənliklər əvəz etməkdədir.
Ən pisi də budur ki, meşələri yerli əhali, özü də məcburiyyətdən qırmalı olur. Bunun səbəbi kəndimizdə təbii qazın olmamasıdır. Yardımlının bir hissəsində qaz olsa da, kəndlərin hələ də böyük hissəsinə qaz çəkilməyib. Rayonumuzun əhalisinin isə 90%-i kəndlərdə yaşayır. Nəticədə əhali, yerli sakinlər olaraq qışda istiliyə olan tələbatı ödəmək üçün odun yığmalı və meşələri qırmalı oluruq.
Sadə bir hesablama vəziyyətin hansı hala çatdığını və meşəərin necə sürətlə qırıldığını göstərir. Təsəvvür edin, rayonumuzda hər kənddə orta hesabla 150 ailə yaşayır. Qaz olmadığı şəraitdə sərt və soyuq keçən qışı keçirmək üçün hər ailəyə orta hesabla 3 yük avtomobili oduna ehtiyac var. Nəticədə qış mövsümündə təkcə bir kənddə 500 avtomobil ağac yığılır, bu isə ildə 1300-1500 ağacın qırılıması deməkdir. Son 20 ildə bu səbəbdən təkcə bizim kənddə 40 mindən artıq, bütün rayon üzrə isə 3 milyondan artıq ağac qırılıb. Bu - yüzlərlə və minlərdə hektar meşə ərazisi deməkdir.
Cənab prezident, biz şahidik ki, neçə illərdir sizin rəhbərliyinizlə hökumət həmişə ekologiya, meşələrin və yaşıllıqların qorunmasına böyük diqqət ayırır, yeni meşə sahələri salınır, ağaclar əkilir və sair işlər görülür. Bu işlərə böyük vəsaitlər və resurslar sərf edilir.
Amma rayonlarımızda, xüsusilə gəliş gediş çətin olan dağ rayonlarında onlardan qat-qat artıq meşələrimiz dayanmadan məhv edilir. Meşələrin qırılması bizim təbiətə və rayonumuzun bitki-heyvan aləminə, ekologiyasına, havasına və suyuna böyük zərər vurur.
Cənab prezident, bu əsl faciədir!
Bu ağacların bərpasına illər, on illərlə vaxt tələb olunur, bəlkə də bu heç mümkün olmayacaq. Bunun mənfi nəticələrini təkcə biz deyil, gələcək nəsillərimiz də görəcək. Övladlarımız təbiətlə belə rəftarı bizə bağışlamayacaq.
Xahiş edirik, bu prosesin qarşısının alınması üçün müvafiq orqanlara tapşırıqlar verəsiniz, rayonumuza, xüsusilə dağ kəndlərinə qaz çəkilişinə göstəriş verəsiniz ki, qışda isinmək üçün meşələrin qırılması dayansın.
21-ci əsrdə Azərbaycan kimi inkişaf etmiş ölkədə meşələrin sadəcə qışda isinmək üçün qırılması yolverilməzdir, bu nə bizim xalqımıza, nə də ölkəmizin sosial-iqtisadi vəziyyətinə uyğun gəlmir.
Bu meşələrin qırılması nəticəsində dəyən zərər kəndlərə qazın çəkilməsi üçün xərclənəcək vəsaitdən qat-qat böyükdür, ümumiyyətlə bu xərc dəyən zərərlə müqayisəyə gəlməz.
Xahiş edirik, bu məsələdə bizə – Yardımlı rayonunun Bərcan kəndinin və oxşar vəziyyətdə olan digər kəndlərin sakinlərinə dəstək göstərsiniz, onların istilikdə təminatından daha vacib olan ekoloji faciənin qarşısını almaq üçün göstəriş verəsiniz».