Azərbaycanda fəaliyyət göstərən 11 tikinti şirkəti karbon emissiyalarının azaldılmasına dair öhdəliklər götürüb.
FED.az xəbər verir ki, bunu BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) ildən-ilə daha da böyüyür:
“Əvvəllər bu tədbirdə müxtəlif ölkələrin hökumətlərinin nümayəndələri iştirak edirdi. Amma indi COP-da özəl sektoru, QHT-ləri, vətəndaş cəmiyyətini, xeyriyyə təşkilatlarını təmsil edən şəxslər iştirak edirlər. Əgər iqlim dəyişikliklərindən söhbət gedirsə, bu məsələnin həllində təkcə hökumətlərin deyil, bütün cəmiyyətin, müxtəlif qurumların mövqeyi mühüm əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, bu gün Bakıda keçirilən “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda dəyirmi masa çərçivəsində ölkədə fəaliyyət göstərən 11 tikinti şirkəti Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalayıb. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir. (Report)